Binəqədi rayonu 300 № li tam orta məktəbdə “Gələcəyimizi şiddət və asılılıqdan qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirildi

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə əsasən, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Binəqədi rayonu, 300 saylı tam orta məktəbdə “Gələcəyimizi şiddət və asılılıqdan qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin nümayəndələri, Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin rəis müavini, polis polkovnik-leytenantı, Biləcəri bələdiyyəsinin sədri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Bakı Narkoloji Mərkəzinin əməkdaşı, məktəbin direktoru, habelə rayon üzrə ümumi təhsil müəssisələrinin müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı narkotik maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına göstərdiyi zərərli təsirlər, narkotik asılılığının formalaşma mərhələləri, psixoaktiv maddələrin yaratdığı risk amilləri, eləcə də narkomaniya ilə mübarizə üsulları barədə geniş məlumat verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinin cəmiyyət üçün doğurduğu tibbi və sosial təhlükələr diqqətə çatdırılıb. Həmçinin, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirdə 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında kiçik səhnəcik nümayiş olundu.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.




Baxılıb: 825