
Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2025-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına əsasən aidiyyəti qurumların nümayəndələrini cəlb etməklə Penitensiar Xidmətin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər keçirilmiş, cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işi aparılmış, ümumilikdə 16 tədbir təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.5-ci yarımbəndinə müvafiq olaraq, görülən işlərin davamlılığının təmin edilməsi və cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2026-cı il üçün də birgə yeni “Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planı çərçivəsində müvafiq mövzuda Penitensiar xidmətin əməkdaşları üçün təlimlərin keçirilməsi,cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının təqdim olunması nəzərdə tutulmuşdur.