26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildirişin (DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
  • Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planına müvafiq olaraq, antinarkotik təbliğatı işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə müxtəlif həştəqlərlə sosial aksiyaların həyata keçirilməsi;
  • Azərbaycan Gənclər Fondu ilə birlikdə "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Respublikanın regionlarında gənclərə narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərin artırılması məqsədilə təlimlərin təşkili;
  • Ali və orta ixtisas təhsili müəssisələrində tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə "Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi" mövzusunda seminarların və ictimai mühazirələrin təşkili;
  • Yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə ümumi təhsil müəssisələrində profilaktik söhbətlərin aparılması;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında "Narkomanlığa birlikdə yox deyək" şüarının nümayişi;
  • Maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;
  • Dövlət Komissiyasının 2026-cı ilə dair İş Planına müvafiq olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon və şəhər komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə silsilə tədbirlərin keçirilməsi;

Həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin ediləcəkdir.

 




Baxılıb: 55