Qəbələ rayonunda maarifləndirici təlim təşkil olunub

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, valideynlər şurasının üzvləri üçün maarifləndirici təlim təşkil olunub.

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları çıxış edərək, narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, narkotik asılılığın formalaşma mərhələləri, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsi, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, eləcə də yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələləri barədə ətraflı məlumat verilib.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, həmçinin "Valideynlər üçün tövsiyə", "Rəqəmsal mühitdə gizli narkotik riskləri" və "Psixotrop maddələr haqqında həqiqət", "Məlumatlı ol, cinayət törətmə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

 




Baxılıb: 69