Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-iyul aylarının yekununa dair məlumat

2026-cı ilin yanvar-iyul ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4963 cinayət faktı aşkarlanmışdır. Onlardan 1250-si narkotik vasitələrin qanunsuz satışı, 3613-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş  6 ton  223 kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin  5 ton 307 kq 260,329 qramını marixuana, 257 kq 073,146 qramını heroin, 124 kq 912,418 qramını tiryək, 247 kq 630,147 qramını həşiş, 125 kq 541,94 qramını digər narkotik vasitələr və 161 kq 101,077 qramını  psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 34983 ədəd həb metadon, 12715 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 4,5 qr  və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qr zəhərli maddələr  aşkar edilərək götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1167,2 hektar sahədən yaş kütləsi 327 ton 716 kq olan 3.960.601 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər  müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 187 milyon 200 min  AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3282 nəfər cəlb edilmiş, onlardan 3188-i kişi, 94-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 33 xarici ölkə vətəndaşından ümumilikdə 385 kq 433,185 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr və 3 ədəd (880 qr) çətənə bitkisi götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114  fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 606 kq 095,682 qr və 20 930 ədəd həb metadon  narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 134-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 383 kq 889,2 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

1785 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan  1 ton 420 kq 687,41 qr  müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-iyul  ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 251 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 382 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 30 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30 fakt, qrup halında olan cinayətlərin sayı 25 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 98 nəfər,  məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 31 nəfər azalmışdır, həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 160, digər cinayətlərlə bağlı faktların sayı 1 fakt və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 274 kq 046,039 qr artmışdır.

2025-ci ilin yanvar-iyul ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kq 395,167 qr (9,7%)  azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 307 kq 260,329 qr-nı (85,2%) marixuana təşkil etmişdir. Onun da 4 ton 422 kq 155,169 qr qramı (83,3%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 885 kq 105,16 qramı (16,6%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci il tarixdə  və 11-12 iyun 2026-cı il tarixlərdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda oaln narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kq 620,899 qram, 162 759 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 ədəd həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 36 rayon və şəhərdə 957məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32 kq 177,238 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 131 ədəd çətənə bitkisi və 27 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilmişdir. 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 54434 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3778 nəfərdən 1851 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 258, QİÇS-lə Mübarizə Mərkəzində 288, Sumqayıt Narkoloji Mərkəzində 121 nəfər)  667 xəstə müalicə alır.

2026-cı ilin yanvar-iyul ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 548 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 77-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 41-i narkotik asılılıqdan müalicə, 430-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 118 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə tədbirlər planının icrası istiqamətində 2026-cı ilin yanvar-iyul ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrini cəlb etməklə ümumilikdə 219 tədbir (154 maarifləndirici və təşkilati tədbir, təlim, 65 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

 

 

 

 

 

 

   

 

 

 




Baxılıb: 63