Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-avqust aylarının yekununa dair məlumat

2026-cı ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5561 cinayət faktı aşkarlanmışdır. Onlardan 1402-si narkotik vasitələrin qanunsuz satışı, 4033-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 123-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 994 kq 958,417 qram narkotik vasitələrin və psixotrop maddələrin  5 ton 928 kq 804,897 qramını marixuana, 376 kq 894,303 qramını heroin, 139 kq 795,918 qramını tiryək, 247 kq 630,147 qramını həşiş, 15,849 qramını kokain, 129 kq 889,443 qramını digər narkotik vasitələr və 171 kq 927,36 qramını  psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 37082 ədəd həb metadon, 17372 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qr prekursor, 32,658 qr  və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qr zəhərli maddələr aşkar edilərək götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1447,5 hektar sahədən yaş    kütləsi 391 ton 163 kq olan 4.124.541 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər  müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton  994 kq 958,417 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 208 milyon 472 min  AZN kimi qiymətləndirilir.

Məsuliyyətə cəlb edilmiş 42 xarici ölkə vətəndaşından ümumilikdə 510 kq 042,296 qr və 2778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə  və 3 ədəd (880 qr) çətənə bitkisi götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 136  fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 849 kq 351,642 qr və 23 029 ədəd həb metadon  narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 146-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 439 kq 027,718 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qr güclü təsir edən maddə  və 1,018 qr prekursor müsadirə edilmişdir.

2032 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan  1 ton 738 kq 184,71 qr  müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-avqust  ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 313 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 416 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 41 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 24 fakt, qrup halında olan cinayətlərin sayı 37 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 25 nəfər azalmışdır, həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 143 fakt, digər cinayətlərlə bağlı faktların sayı 1 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 79 nəfər  və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 002 kq 927,4979 qr artmışdır. 

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 928 kq 804,897 qramını (84,7%) marixuana təşkil etmişdir. Onun da 4 ton 960 kq 902,137 qr qramı (83,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 967 kq 902,76 qramı (16,6%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar və 11 iyun 2026-cı il tarixlərdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda oaln narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kq 620,899 qram, 162 759 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 ədəd həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 37 rayon və şəhərdə 965 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32 kq 203,463 qrmüxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 136 ədəd çətənə bitkisi və 27ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilmişdir.  

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 62227nəfəristiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4397nəfərdən 2173 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 262, QİÇS-lə Mübarizə Mərkəzində 290, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər)  675 xəstə müalicə alır.

2026-cı ilin yanvar-avqust ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 620 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 88-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 46-sı narkotik asılılıqdan müalicə, 486-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 134 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçilərinin könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə tədbirlər planının icrası istiqamətində 2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrini cəlb etməklə ümumilikdə 234 tədbir (168 maarifləndirici və təşkilati tədbir, təlim, 66 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.

 

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu




Baxılıb: 55