Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maarifləndirici tədbir keçirilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası istiqamətində narkomanlığın xüsusilə geniş yayıldığı rayon və şəhərlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Salyan rayonunda  maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Salyan rayon təhsil sektoru və Gənclər idman idarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəllimlər, psixoloqlar, sinif rəhbərləri və valideynlər iştirak etmişlər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomanlığın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb




Baxılıb: 68