Nizami rayonunda “Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirilmişdir.

   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 2016-cı il aprel ayının 22-də 62 №-li məktəb-liseydə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirilmişdir.

   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov və məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxış edərək, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermiş, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmiş və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırmışlar.

   Tədbirdə həmçinin şagirdlərin sualları cavablandırılmış, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq izahatlar verilmişdir.

   Sonda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarx nümayiş olunmuşdur.




Baxılıb: 1298