Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri cənab Əli Həsənov Gürcüstanda külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı aparılan təhqiqatla əlaqədar BMT-yə müraciət ünvanlayıb.

  11 iyul 2014-cü il tarixdə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə məlumat yayılmışdır.

  Hazırda Gürcüstan Respublikasında bu işlə bağlı cinayət işi başlanılmış və istintaqı aparılır. Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən qeyd edilən məsələnin tam və obyektiv araşdırılması məqsədi ilə bu işə beynəlxalq ekspertlərin cəlb edilməsinə kömək göstərilməsi üçün Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov tərəfindən BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin İcraçı Direktoru cənab Yuriy Fedotova müraciət ünvanlanmışdır.

  Aparılan araşdırmaların nəticəsi barədə KİV-ə əlavə məlumat veriləcəkdir.




Baxılıb: 1130