Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırığına əsasən“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar respublikanın bütün şəhər və rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrəşəhər/rayon komissiyaları tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə maarifləndirici tədbirlər keçirilmiş, tədbirlərdə mütəxəssislər tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmışdır.
Həmçinin “26 iyun - BMT-nin Narkotiklərlə mübarizə günü” ilə əlaqədar görülən işlərin davamı olaraq Dövlət Komissiyasının işçi qrupu narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə hazırlanmış video çarx Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında cari ilin 15 iyun tarixindən 11 gün ərzində işıqlandırılmış, həmin video çarx 20 iyun tarixindən başlayaraq hal-hazıradək Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam tablolarındakı monitorlar vasitəsilə yayımlanır.
O cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı sosial video çarx 4 iyun tarixindən etibarən “Park Bulvar” Alış Veriş Mərkəzinin bütün monitorlarında uzunmüddətli nümayişi üçün yerləşdirilmişdir.
Bununla yanaşı narkomanlığın zərəri barədə əhalinin məlumatlandırılması və narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin təsirliliyini artırmaq məqsədi ilə hazırlanmış “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo 25-26 iyun tarixlərində Nəqliyyat Nazirliyinin Elektron İnformasiya Tablolarında nümayiş olunmuşdur.
Eyni zamanda cari ilin 22 may tarixindən etibarən Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində və Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsindəki dairədə quraşdırılmış “Narkomaniya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniya yox deyək” adlı reklam lövhələrinin (300 sm x 600 sm ölçülərdə) təbliğat işində mühüm rol oynadığını nəzərə alaraq uzunmüddətli nümayişi davam etdirilir.