Rayon haqqında

Cəbrayıl rayonu  Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir.Cənubdan İran İslam Respublikası ilə, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Rayon çox qədim tarixə malikdir.1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir.1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılaraq, Yelzavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edilmişdir.

Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,6 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrin axırlarında Cəbrayılda həftə bazarı yaranmışdı. 1840-cı ildən bazarda  rus pulları işləməyə başlamışdı. 1876-cı ilin avquyst  ayının 5-də Cəbrayılda  bir sinifli rus məktəbi açılır və nəhayət 1930-cu ilin avqust ayının 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində 1050 kv.km., əhalisi isə 24300 nəfər olmuşdur.

1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu bütövlükdə erməni təcavüzkarları tərəfindən işğala məruz qalmışdır. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 398 nəfər  cəbrayıllı şəhid omuşdur. 6 nəfər cəbrayıllı isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq gorülmüşlər. Rayonun 90 kəndi, bir şəhəri, o cümlədən 127 tarixi abidə, 2 muzey və 5 məscid işğal olunmuşdur. Ümumilikdə, işğal nəticəsində rayona 7508,0 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir.

İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və. s fəaliyyət göstərirdi. Rayonun tarix diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardır. Rayonun tibb müəssisələrində 92 həkim, 432 nəfər orta ixtisaslı tibb işçisi, 301 texniki işçi çalışırdı. Yetişməkdə olan nəslin təlim tərbiyəsi ilə 1600 nəfərdən çox müəllim məşğul olurdu.

Rayonun əhalisi hazırda 66934 nəfərdir. Hazırda məcburi köçkünlərimiz respublikamızın 58 şəhər və kənd rayonunun 2000-ə yaxın yaşayış  məntəqəsində müvəqqəti məskunlaşmışlar.




Baxılıb: 4103