Şabran rayonu (keçmiş Dəvəçi) 1930-cu ildə təşkil olunmuşdur. Rayon mərkəzi indiki Şabran qədim Dərbənd-Bakı karvan yolları üstə bazar karvansaları olmuşdur. Eyni zamanda, bu ərazi dəvə karvanlarının dayanacaq yolu olmuş və burada həftəbazarları keçirilmişdir. Bu səbəbdən də rayon 1944-cu ilədək “Dəvəçi bazarı”, 1944-1963-cü illərdə Dəvəçi rayonu adlandırılmışdır. 1963-cü ildə Abşeron rayonuna birləşdirilmişdir. 1965-ci ildən yenidən Dəvəçi rayonu kimi fəaliyyət göstərmişdir. 2010-cu ilin aprel ayında rayonun tarixi Şabran adı bərpa olunmuşdur.
Şabran rayonu Qafqazın Şimal-Şərqində, Bakıdan 123 km məsafədə yerləşir, Şərqdən 24 km məsafədə Xəzər dənizi ilə əhatə olunur. Siyəzən, Xızı, Quba, Xaçmaz rayonları ilə qonşudur. Rayonun ərazisi düzənlik-dağlıq və dağlıq zonalardan ibarətdir. Şabran-Samur ovalığı dəniz səviyyəsindən 28 metrədək aşağıdır. Cənub-Qərbdən hündürlüyü dəniz səviyyəsindən 2205 metrdir. Rayonun ərazisində palçıq vulkanları vardır. Dağlıq hissədə təbaşirpaliogen və neogen ovalıqla antropogen çöküntüləri yayılmışdır.
Rayon neft, qaz, çınqıl, qum və s. faydalı qazıntılarla zəngindir. Müalicə əhəmiyyətli mineral (Qalaaltı), termal (isti su) sular çıxır. Rayonun ərazisindəki “Qalaaltı” sanatoriyasında və Dəhnə kəndindəki “İsti su” müalicə ocaqlarında insanlar həmin mineral sularla müalicə olunurlar. Rayon ərazisində 20500 hektar zəngin meşə vardır.
Rayonun iqlimi - ovalıq və dağətəyi yerlərdə mülayim, isti, quru, suptropik, dağlıq yerlərdə mülayim-soyuqdur.
Çayları - Dəvəçiçay, Gilgilçay, Şabrançay, Vəlvələçaydır. Çaylar Xəzər dənizinə tökülür. Dəvəçiçayın uzunluğu 45 kilometrdir. Yan hövzəsindən başlayan Pirəbədil və Zağlı çaylarının birləşməsindən əmələ gəlir. Şabran düzündə 1000 hektardan çox ərazini əhatə edən böyük göllər vardır. Həmin ərazidə 3 ovçuluq nöqtəsi yerləşir.
Şollar su kəməri, 1 və 2-ci Bakı su kəmərləri və Samur-Abşeron kanalı rayonun ərazisindən keçir. Rayonun əsas məşğuliyyəti kənd təsərrüfatıdır.
Baxılıb: 3174