Rayon haqqında

Goranboy rayonu Azərbaycan SSR Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə Respublikanın inzibati ərazi bölgüsü olmaqla inzibati rayon kimi yaradılmış, 1938-ci ildə adı dəyişdirilərək Qasım İsmayılov rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Ali sovetinin qərarı ilə 1991-ci il 12 fevral tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilərək Şaumyan rayonu ləğv edilmiş, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılmışdır. Rayonun ərazisi 1760 kv.km, əhalisi 109.695 min nəfər, əhalinin sıxlığı  56,14 nəfər/kv.km-dir.

Rayonda 87 yaşayış məntəqəsi vardır, onlardan 2-i şəhər (Goranboy, Dəliməmmədli), 6-sı qəsəbə (Qızılhacılı, Aşağı Ağcakənd, Qazanbulaq, Goran, Kürəkçay, Yuxarı Ağcakənd), 79-u kənddir. İnzibati-ərazi dairəsi 55, bələdiyyələrin sayı 51-dir. Bakıdan Goranboya qədər olan məsafə 322 km-dir.

«Goranboy» sözünün mənasını alimlər müxtəlif cür izah edirlər. Bəzi tarixçilər toponimin «Goran» və «boy» sözlərindən əmələ gəldiyini ehtimal edir. «Goran» sözünün kökü olan Gor (qor) sözünün od, odlar yurdu, «boy» sözünün nəsil, qəbilə mənalarında işləndiyini bildirirlər.

 Qeyd etmək yerinə düşər ki, 1805-ci il 14 may tarixli Kürəkçay (Qarabağ-Rus), 1813-cü il 13 oktyabr tarixli Gülüstan (Rus-iran) müqavilələri məhz Goranboyun tarixi əraziləri olan indiki Kürəkçay və Gülüstan ərazilərində imzalanmışdır.

Goranboy rayonu Bakı şəhərindən 322 km məsafədə Azərbaycanın qərb bölgəsində yerləşməklə, şimal-şərqdən Yevlax, cənubi-şərqdən Tərtər, cənubi-qərbdən Kəlbəcər, qərbdən Göygöl, şimal-qərbdən Samux rayonları ilə həmsərhəddir.

Rayon əhalisi suvarma əkinçiliyinə əsaslanan kənd təsərrüfatının bitkiçilik və eləcə də, hevandarlıq sahələri ilə məşğul olur. Taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq kənd təsərrrüfatının ixtisaslaşdırılmış sahələridir. Bitkiçilik ilə yanaşı hevandarlıq sahəsidə geniş inkişaf etmişdir.




Baxılıb: 4046