Rayon haqqında

Göygöl rayonu inzibati rayon kimi 1930-cu ilin avqust ayında təşkil olunmuşdur. Rayon Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir, bənzərsiz təbiəti olmaqla, zəngin florası və faunası var.

Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə, cənubu-qərbdə Daşkəsən rayonu ilə, qərbdə Şəmkir rayonu ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 55 km, qərbdən şərqə 36 km uzanır. Göstərilən sərhədlər daxilində Göygöl rayonunun sahəsi 935,7 km2, əhalisi isə 59 minə yaxındır.

27 inzibati ərazi dairəsinin tərkibində 1 şəhər (Göygöl şəhəri), 5 qəsəbə (Xanlar, Qızılqaya, Hacıməlik, Aşağı Zurnabad, Firuzabad qəsəbələri) və 39 kənd mövcuddur. Rayonda 25 bələdiyyə fəaliyyət göstərir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq, əkinçilik  və üzümçülüklə məşğul olur.

Rayon ərazisindən Gəncə-Daşkəsən və Bakı-Tblisi magistral avtomobil yolları keçir. Rayon mərkəzindən 15 km məsafədə Gəncə dəmir yolu stansiyası, 12 km məsafədə isə Gəncə hava limanı yerləşir. Respublikamızın paytaxtı Bakı şəhəri ilə rayon mərkəzi arasındakı məsafə 364 km-dir.

Məşhur Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir, Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir. Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir.

Rayonun mərkəzi olan Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gəlmiş alman kolonistləri tərəfindən qoyularaq, Helenendorf adlandırılmışdır. İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Hazırda mövcud olan Aqrar Sənaye Kombinatının əsas binasını Forer qardaşları tikmiş, orada şərab və  konyak istehsalı ilə məşğul olmuşlar, Helenendorfda istehsal olunan konyak və pivə dünyada tanınaraq bir çox xarici ölkələrə ixrac edilmişdir.

8 avqust 1930-cu ildə mərkəzi Helenendorf olmaqla, Nərimanov rayonu təşkil olunmuş, 28 fevral 1992-ci ildə rayonun ərazisi iki yerə bölünərək Samux rayonu yaradılmışdır. 29 noyabr 1938-ci ildə isə Nərimanov rayonu Xanlar rayonu, mərkəzi Yelenendorf qəsəbəsi isə Xanlar şəhəri adlandırılmışdır. 07 may 2008-ci il tarixdə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar şəhəri Göygöl şəhəri adlandırılmışdır.




Baxılıb: 6350