Rayon haqqında

Xaçmaz rayonu 1930-cu il avqust ayının 8-də inzibati ərazi kimi təşkil olunmuşdur. Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası ilə, qərbdən Qusar və Quba rayonları ilə, cənubdan Şabran rayonu ilə, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun dəniz sərhəddi 70 km, RF-sı ilə sərhəddi 14 km təşkil edir.

Rayonun ərazisi 1063 kvadrat klometr, əhalisi 164,6 min nəfərdir. Rayonda 2 şəhər, 2 şəhər tipli qəsəbə, 147 kənd yaşayış məntəqəsi vardır. Ümumiyyətlə, Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi vahid ailə kimi mehriban şəraitdə yaşayır.

Xaçmaz rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Rayonda istehsal olunan kənd təsərrüfat məhsullarının emalı yerli müəssisələr tərəfindən də həyata keçirilir. Bunlara “Qafqaz” konserv zavodunu, “Aysberq” pivə istehsalı müəssisəsini və s. misal göstərmək olar.

Rayonda 122 ümumtəhsil məktəbi, 24 məktəbəqədər uşaq müəssisəsi, 91 səhiyyə müəssisəsi, 2 özəl tibb klinikası, 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi fəaliyyət göstərir.

Rayonda Heydər Əliyev mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları, Azərbaycan ədəbiyyatı, incəsənəti və elminin 40 nəfər dahi şəxsiyyətinin abidələrinin ucaldıldığı açıq səma altında Şəxsiyyətlər muzeyi, Xalqlar dostluğu muzeyi, Əziz Əliyev və Akademik Zərifə Əliyeva muzeyləri, Rəsm qalereyası fəaliyyət göstərir. 

Xaçmaz şəhərinin əzəmətli Giriş qapısı, Qoşa qapı kompleksi, 4 ölkənin vaxtını göstərən Saatlar qülləsi, Heydər Bulağı və İlham Bulağı kompleksləri, avropa üslubunda tikilmiş Heydər Əliyev prospektinin girişi, Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin at üstündə abidələri Xaçmaza xüsusi gözəllik verir.

Rayonun “Yalama-Nabran” dənizkənarı zonası hələ İttifaq dövründən böyük turizm zonası kimi tanınmışdır. Hazırda burada gündəlik 20.000 turist qəbul edə bilən 70-dək turizm obyekti fəaliyyət göstərir. Bunlardan Atlant, Palma, Malibu, Lotos, Oberlyuks, Ulduz, Kaspian Sea, Greenville, Xəzər, Nabran və s. turist bazaları çoxlarına tanışdır.

Rayonda 1932-ci ildən çıxan Xaçmaz qəzeti və 2007-ci ildə yaradılmış Regiona televiziya fəaliyyət göstərir.




Baxılıb: 4926