Rayon haqqında

Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Ağsu, Göyçay, Ucar, İmişli, Sabirabad, Hacıqabul və Zərdab rayonları ilə həmsərhəddir.

Kürdəmir sözünün etimologiyası haqqında bir neçə versiya var. Kürdəmir -"Kür" və "Dəmir" sözlərindən olduğu ehtimal olunur (Şirvan dialektində "Kür" sözü çılğın, cəsur, igid, qoçaq anlamında, "Dəmir" isə həmin ərazidə məskunlaşmış yeddi yaşayış məskəninin, obanın igidlərinin xası, başçısı, sərkərdəsi olan igid Dəmir, qoçaq Dəmir, cəsur Dəmir mənasında işlənmişdir).

Kürdəmir - "kür dəymir" sözlərindən götürüldüyü ehtimal olunur. Yəni, Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəymir kimi adlanmış, zaman keçdikcə "Y" samiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir.

Ərazisi 163151 hektar olmaqla ölkə ərazisinin 1,9 %-ni təşkil edir. Rayon 23 inzibati ərazi vahidliyi, 1 şəhər, 2 qəsəbə, 30 bələdiyyə ilə əhatə olunmuşdur.

Rayon ərazisinin meyilliyi 1 dərəcə, dəniz səthindən hündürlüyü 0-200 m (dərinlik və hündürlük şkalası üzrə), havanın orta illik temperaturu 17,18 dərəcə, yağışların illik miqdarı 250-300 mm, küləyin sürəti 2-3 m/san, quru subtropik iqlimə xarakterikdir.

Rayonun əsas fəaliyyəti bitkiçilik və heyvandarlığı inkişaf etdirmək olmaqla, son zamanlar bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq ticarət, xidmət və digər sahələr üzrə kiçik sahibkarlıq fəaliyyətinə geniş yer verilmişdir. Rayonun ərazisindən Ağsu - Kürdəmir - Bəhrəmtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt - Qazıməmməd - Kürdəmir - Yevlax yolunun 42 km (II dərəcəli), Bakı -Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir.

Rayonun Şığırlı kəndi ərazisində yerləşən "Qaratəpə" yaşayış yeri və qəbiristanlıq ilk orta əsrlərə aid olduğu ehtimal olunur, ölkə əhəmiyyətli arxeoloji tarixi abidədir. Abidə dövlət tərəfindən qorunur.

Ərəbqubalı kəndi ərazisində "Şəhərgah" yaşayış mənətəqəsi IX –XI əsrdə Şirvan adlı şəhərin qalıqları olduğu ehtimal olunur. Yerli əhəmiyyətli bu abidə dövlət tərəfindən qorunur

 Rayon ərazisində ən çox rast gəlinən heyvan növləri çaqqal, tülkü, boz dovşan, çöl siçanı, quşlardan turac, torağay,göyərçin, su quşları və sairə vardır.

Rayonun Mollakənd kəndi ərazisində yodlu və bromlu mədən sularından ibarət müalicə əhəmiyyətli suyu vardır. Torpaqları boz, qonur torpaqlar qrupuna aiddir. Ərazisi düzənlikdir. Bol günəş enerjisi, Kür və Girdiman çaylarının, Şirvan kanalının su ehtiyatları, əkinə yararlı geniş torpaq fondu, Kür çayı boyunca Tuğay meşələri təbii sərvətləridir.




Baxılıb: 1619