Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan “Gəncə-Qazax” düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub qərbdən Ermənistanla 168 km sərhəddir. Ən hündür yüksəkliyi “Odun” dağıdır (1316 metr). Təbiəti əsasən düzənlikdir, cənub hissəsi alçaq dağlıqdır. Dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir. Şimalında Tuqay meşələri və Ceyrançöl qışlaqları yerləşir. Qazax rayonu ərazisindən 5 ədəd çay keçir. Bunlar Kür, Ağstafaçay, İncəsu, Ehram və Coğaz çaylarıdır.
Ərazisi 692 km2, əhalisi 91,491 min nəfərdir. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır.
Əhalinin ümumi sayının 49 %-i kişilər, 51 %-i qadınlardır. Əhalinin 99,6 %-ni azərbaycanlılar, 0,4 %-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 260 Qarabağ müharibəsi əlili, 237 şəhid ailəsi, 656 qaçqın və 7338 məcburi köçkün vardır.
Rayonda bir şəhər və 34 kənd yaşayış məntəqəsi olmaqla, 23 ərazi icra nümayəndəliyi və 17 bələdiyyə fəaliyyət göstərir.
Qazax rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülk və meyvəçilik mühüm yer tutur. Ərazisinin 70,7 %-i və ya 57 304 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 32,2 %-ni və ya 21 334 hektarını əkin sahələri təşkil edir. Aparılan aqrar islahatın nəticəsində 15558 nəfər mülkiyyətçi 20 835 hektar əkin sahəsini və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışlar.
Rayonda 37 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 9-u mədənçıxarma,10-u emal və 10-u digər sahələrdir.
Rayonda 1 Azərbaycan Müəllimlər İnstitutunun Qazax rayon filialı, 1 Sosial İqtisad Kolleci və 1 Peşə Liseyi, 47 ümumtəhsil məktəbi, bunlaradan 7 ibtidai, 6 əsəs və 34 orta, 31 məktəbəqədər və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
1 diaqnostika mərkəzi, 7 xəstəxana, 20 ambulator - poliklinika, 17 tibb və feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir.
Rayonda 1 Heydər Əliyev Elm Mərkəzi, 1 rəsm qalereyası, 1 poeziya evi, 21 mədəniyyət evi, 55 kitabxana, 2 uşaq musiqi məktəbi, 24 klub, 1 teatr, 1 kinoteatr, 1 dövlət qoruğu, 2 muzey və 1 ev muzeyi vardır.
Qazaxda 112 tarixi memarlıq abidəsi var ki, onlardan 3-ü dünya, 52-si ölkə, 57-si isə yerli əhəmiyyətlidir.
Rayonda 1 Olimpiya İdman Kompleksi, 1 stadion, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 1 atıcılıq tiri vardır.
Qazax rayonu ərazisindən 44 km uzunluğunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi beynəlxalq avtomobil yolu keçir. Rayondaxili yolların uzunluğu 151 km-dir.
Baxılıb: 2515