Rayon haqqında

Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olub, Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.

Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənubi-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məhşur şəhərləri ilə müqayisə olunur.

Qəbələ rayonu Böyük Qafqazın Cənub yamacında Azərbaycanın Şimali-qərbində, Şəki-Zaqatala iqtisadi bölgəsinin şərqində yerləşir. Rayonun ərazisi şimaldan Böyük Qafqazın Çaldaş silsiləsi ilə Dağıstan Muxtar Respublkası (Rusiya Federasiyası ilə), Şahdağ silsiləsi ilə Qusar rayonu, Şimali-şərqdən Salavat aşırımı istiqamətində Quba rayonu ilə, Şərqdən Göyçay çayının vadisi boyunca İsmayıllı rayonu, Cənubdan Axarbaxar alçaq-öndağlıq silsiləsi boyunca (Surxay xan dağları) Göyçay və Ağdaş rayonları ilə, qərbdən Turyançay (Tikanlıçay) vadisi boyunca Şəki və Oğuz rayonları ilə həmsərhəddir.

Unikal təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlalələri, iti axan dağ çayları, lacivərd landşaftı ilə seçilən rayonun coğrafi mövqeyi relyefinin əsasən dağlıq olması və şaquli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir.

Qəbələ rayonu 1930-cu ildə yaranmışdır.1991-ci ilin fevral  ayına qədər Qutqaşın rayonu adlanmışdır. 7 fevral 1991-ci ildə  Azərbaycan SSR  Ali  Sovetinin qərarı ilə Qutqaşın rayonunun adı dəyişdirilərək Qəbələ rayonu adlandırılmışdır.

Rayonun əhalisinin umumi sayı 98.276 nəfərdir (01.01.2013-cü il tarixə) Əhalinin 15.315 nəfəri şəhərdə, 82.961 nəfəri isə qəsəbə və kəndlərdə yaşayırlar.

Rayon üzrə əhalinin sıxlığı (nəfər/1 km2) 62,9 nəfər düşür. Orta yaş həddi 33, yaşı 80-dan çox olan Qəbələ sakinlərinin sayı 983 nəfərdir. Əhalisinin 77305 nəfəri azərbaycanlılar, 16805 nəfəri ləzgilər, 139 nəfəri türklər, 3900 nəfəri udilər, 88 nəfəri ruslar, 39 nəfəri isə digər millətlərin nümayəndələri təşkil edir. İldən-ilə Qəbələ rayonunun sosial-iqtisadi inkişafı güniş vüsət almaqdadır. İstər iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə, istərsə də ümumi məhsul istehsalına görə qazanılan göstəricilər əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bütün bunlar isə əhalinin rifahının yaxşılaşmasına ciddi şəkildə təsir edir. Rayonda fəaliyyət göstərən Konserv zavodu, Limonad fabriki, “Beltman” piano fabriki, meyvə və tərəvəzlərin çeşidlənməsi üçün soyuducu anbarlar, Süd, Üzüm, Fındıq emalı və Xalçaçılıq müəssisələri, Çörək, Lift, Kərpic və Beton zavodları rayonun iqtisadiyyatında müstəsna rol oynayır. Tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekrasiya və turizm imkanlarına malikdir.
Bütun bunlarla yanaşı rayonda turizm-istirahət komplekslərinin sayı sürətlə artmaqdadır. Qeyd etmək lazımdır ki, rayonda mövcud olan “Qafqaz Resort”. “Qafqaz Riverside”, “Qafqaz Sport” hotelləri, “Qəbələ”, “Karvan” otelləri, “Yengicə” istisu müalicə-sağlamlıq mərkəzi, “Xanlar”, “Çənlibel”, ”Semerana”, “Duyma”, “Yeddi gözəl”, ”Sahil”, “Selbasar” istirahət mərkəzlərinə gələn qonaqların xoş istirahəti üçün hər cür şərait yaradılmışdır. Bir sözlə, bu gün Qəbələ sosial-iqtisadi inkişafını uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev Qəbələyə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Qəbələ rayonunun sürətli inkişafı ulu öndər Heydər Əliyevin bu rayonun gələcəyi ilə bağlı müəyyən etdiyi inkişaf proqramının nəticəsidir. Qəbələdə çəkilən yollar, salınan parklar və xiyabanlar, tikilən yeni binalar və sənaye müəssisələri həmin proqramın real həyatımızda təsdiqidir".




Baxılıb: 2754