Rayon haqqında

Quba rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 2,58 min kv.km, 01 oktyabr 2012-ci il tarixə əhalisi 158,800 min nəfərdir. 2009-cu ildə keçirilmiş siyahıyaalınmaya əsasən əhalinin 79,2%-ni azərbaycanlılar, 9,1%-ni tatlar, 5,9%-ni ləzgilər, 1,8%-ni yəhudilər, 1,4%-ni xınalıqlılar, 1,4%-ni türklər, 0,5%-ni qrızlılar və 0,7%-ni digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 1 şəhər, 7 qəsəbə və 149 kənd olmaqla, əhalinin çoxu kəndlərdə yaşayır. İri yaşayış məntəqələri Quba şəhəri, Qırmızı qəsəbə, Qonaqkənd qəsəbəsi, I Nügədi və II Nügədi kəndləridir.

Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdirdiyi ilk məscidin adı Quba adlanır. XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir. Bəzi mənbələrdə Qudyalçayın adı ilə bağlı olub Quda adlanır.

Quba yaşayış məskənin tarixi miladın IV əsrinə aid edilir. Quba şəhərinin şərq hissəsində Sandıqtəpə şəhərgahı olmuşdur. Salmantəpə, Balazar, Qalagah və Qarğaqala yaşayış yerləri IV əsrlərə gedib çıxır.

XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.

Qədim tarixə malik olan Quba abidə və etnoqrafik mənbələrlə zəngindir. Rayonda 134 tarixi arxeoloji abidə mövcuddur.

Zəngin tarixə və füsunkar təbiətə malik Quba rayonu Azərbaycanın şimal şərqində Quba-Xaçmaz iqtisadi rayonunun tərkibində yerləşir. Quba ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Rayonun ərazisi dünyanın 27 ölkəsindən böyükdür. Quba rayonunun Buduq inzibati ərazi vahidliyinə daxil olan Yalavanc kəndindən Xəzərə, dünya okeanına isə Volqa-Don kanalı və Volqa-Baltik su yolu ilə bilavasitə çıxışı var.

Quba rayonu Böyük Qafqazın şimal-şərqindədir. Səthi əsasən dağlıqdır. Şimal-şərq kənarı Samur-Dəvəçi ovalığına çatır. Cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin yan hissəsindən (Tufandağdan-Dübrar dağınadək) keçir. Baş Qafqaz silsiləsindən şimal-şərqdə ona paralel və çay dərələri ilə kəsilmiş Qaytarqoca silsiləsi, Yan silsilə, Qaynarca tirəsi və s. uzanır. Ərazinin hündürlüyü təqribən 100 metrdən (ovalıqda) 4206 metrədəkdir (Tufandağ).

     Rayon ərazisində Azərbaycanda mövcud olan relyef formaları və onların komplekslərindən yeddisi qeydə alınmışdır. Quba rayonunun ərazisində yerləşən torpaqlar əsasən münbit torpaqlardır. Burada torflu dağ-çəmən, çimli dağ-çəmən, dağ çəmən bozqır, qonur dağ-meşə, qəhvəyi-çəmən, dağ qara, tünd və adi boz qəhvəyi, karbonatlı dağ meşə, boz-çəmən, şabalıdı, boz qəhvəyi şorəkətvari və şoran torpaqlar çoxluq təşkil edir.




Baxılıb: 7044