Rayon haqqında

Masallı rayonunun ərazisi 721 km2, əhalisi isə 209.031 nəfərdir. Respublikanın cənubunda yerləşən Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı-Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.

Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.

"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırıldığı deyilir.

Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradılmış və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olmuşdur.




Baxılıb: 1437