Rayon haqqında

Oğuz rayonu (1930-1991-ci illərdə Vartaşen rayonu) - Azərbaycan Respublikasında  inzibati rayon kimi 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Böyük Qafqazın cənub  yamacında yerləşməklə, şimaldan Rusiya Federasiyası (Dağıstan MR), şərqdən Qəbələ  və Ağdaş, cənub və qərbdən Şəki rayonları ilə həmsərhəddir. Ərazisi 1077 kv. km-dir.  Mərkəzi Oğuz şəhəridir. Rayon mərkəzi Oğuz (Vartaşen) 1961-ci ilə qədər kənd, 1961-1968-ci illərdə şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər olmuşdur. 1991-ci  ilin fevral ayında Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oguz qoyulmuşdur. 

1956-1959-cu illərdə və son illər rayonun ərazisində aparılmış arxeoloji tədqiqatlar  nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri təsdiq edir ki, bu ərazidə neolit  və aneolit dövründən insanlar toplu şəkildə  məskunlaşmışdır. Kərimli kəndinin cənub-şərqindəki e.ə. I minilliyə aid, Oğuz şəhəri ərazisindəki tunc və ilk dəmir dövrünə aid,  Qarabaldır kəndinin şimalındakı e.ə. 4-1 əsrlərə aid nekropollar, VII əsrin yadigarı  Xaçmaz govur qalası, IX əsrdə tikilmiş Muxas qülləsi, Oğuz şəhəri və Calut kəndi  ərazisindəki orta əsrlərdən qalan Alban ibadətgahları, Oğuz, Maza, Padar, Sazur, Şahra  və s. toponimləri rayonun ulu keçmişindən xəbər verir.

İndiki Oğuz rayonunun ərazisi tarixin müxtəlif dövrlərində Qəbələ xanlığının,  Nuxa  qəzasının tərkibində olmuşdur.

Rayonun şimal hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissəsi  Qanıx-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur öndağlığına daxildir. Ərazidə Baş  Qafqaz silsiləsinin maksimum hündürlüyü 3876 metrdir (Malqamud dağı). Rayonun  şimal hissəsində Yura və Tabaşir çöküntüləri, mərkəzi və cənub hissəsində isə əsasən,  Antropogen və qismən Neogen çöküntüləri yayılmışdır. Gil yatağı və mineral bulaq var.  İqlimi düzənlik və dağətəyı hissədə mülayim isti və yarımquru subtropik, yüksək dağlıq  yerlərdə soyuqdur. Orta illik temperatur yanvarda mənfi 10 dərəcədən müsbət 2  dərəcəyədək, iyulda müsbət 6 dərəcədən 26 dərəcəyədəkdir. İllik yağıntı 450-1600 mm-dir.  Çayları: Əyriçay, Əlican, Qalaçay, Daşağılçay  və  s.

Dağ-çəmən, dağ-meşə və allüvial-çəmən torpaqları yayılmışdır. Alp və subalp  çəmənlikləri  var. Ərazisinin 43497 hektarını meşələr təşkil edir. Meşələrində palıd,  fıstıq, vələs və s. ağaclar geniş yer tutur. Heyvanları: maral, cüyür, dağkeçisi, meşəpişiyi,  canavar, ayı, çöldonuzu, tülkü, dovşan və s. quşları: qırqovul,  kəklik  və  s.   

Oğuz, əsasən, kənd təsərrüfatı rayonudur. Əkinçilik, heyvandarlıq, meyvəçilik,  tərəvəzçilik  və  arıçılıq  inkişaf  etmişdir.  Kiçik  emal  və  istehsal  müəssisələri  vardır.

Rayonda 2 xəstəxana, 10 ambulator-poliklinıka, 34 ümumtəhsil məktəbi, 1 peşə  məktəbi, 18 məktəbəqədər tərbiyə müəssisəsi, 27 klub, 33 kütləvi kitabxana, 2 muzey,  həmçinin istirahət parkları və turizm zonaları, idman kompleksi və s. vardır.

Rayon ərazisində arxeoloji və memarlıq abidələri, o cümlədən kurqanlar (e.ə.I  minilliyin  əvvəli), qalalar (antik dövr), yaşayış yerləri (orta  əsrlər), pir (VII  əsr)  vardır.     




Baxılıb: 4275