Rayon haqqında

Muğan düzündə, Araz çayının sağ və sol sahillərində yerləşən, Azərbaycan Respublikasının inzibati rayonlarından biri olan Saatlı 25 may 1943-cü ildən rayon statusu almış, iyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə ləğv edilərək Sabirabad rayonunun tərkibinə qatılmışdır.1965-ci ildə yenidən ayrılaraq müstəqil rayon kimi fəaliyyətini davam etdirmişdir.

Rayonun ərazisi 1,18 min kvadrat kilometr, əhalisinin sayı 98737 nəfərdir. Əhalinin 18,1 min nəfəri şəhər yerlərində, 80,6 min nəfəri isə kənd yaşayış məntəqələrində yaşayır. Ərazisi dəniz səviyyəsindən 28 m aşağı olan  rayonda 1 şəhər, 43 kənd yaşayış məntəqəsi vardır ki, onlar da 36 inzibati ərazi dairəsində birləşmişdir. Mərkəzi Saatlı şəhəridir.

“Saatlı” etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yaşayan Saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər.

Saatlıların bir qismi Qazax zonasında, 1795-1798-ci illərdə isə bir hissəsi Qarabağda məskunlaşmışlar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin-Saatlı tayfasının etnik adıdır.

Rayon ərazisində qədim dövrə aid yaşayış məntəqələrinin olduğu sübut edilmişdir. İnzibati ərazilər Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində eramızdan əvvəl II-III minilliklərə aid tarixi abidələr və arxeoloqlar tərəfindən tapılmış, rayon tarix-diyarşünaslıq muzeyində saxlanılan saxsı qablar mövcuddur.

Arxeoloji abidələrin əsasını isə XX əsrin əvvəllərində tədqiqatçılar tərəfindən aşkar edilmiş nekropollar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilmiş həmin nekropollar arxeoloji abidələr kimi mühafizə olunurlar.

Saatlı rayonunun yayı quraq keçən mülayim–isti, yarımsəhra və quru çöl iqlimi var.

Araz çayının bol suyu bu ərazidə taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır.




Baxılıb: 1746