Rayon haqqında

1920-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının Vərgədüz dairəsi adlandırılmış, həmin ildən rayon statusu alaraq Vərgədüz rayonu adlandırılmışdır. 1938-ci ildən Yardımlı rayonu adlandırılmış və mərkəz Yardımlı olmuşdur.

Yardımlı sözü qədim “Yardəm” şəhərinin adı ilə bağlıdır. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında xəritədə “Yardəm” şəhərini Ərdəbil şəhərindən şimalda–indiki Yardımlı rayon ərazisində göstərmişdir.

Yardımlı rayonu İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir. Cənubdan Lerik rayonu ilə sərhədin uzunluğu 40 km, şərqdən Masallı rayonu ilə 11 km, şimal-şərqdən Cəlilabad rayonu ilə isə 20 km-dir. Şimal və qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km-dir.

Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir.

Rayon əhalisinin 50,2%-ni (29940 nəfər) kişilər və 48,2%-ni (29702 nəfər) isə qadınlar təşkil edir.

Respublikamızın paytaxtı Bakı şəhərindən 304 km məsafədə yerləşir. Ərazisi 667 km2-dir. Ərazinin təxminən 1/3-i (20536 hektar) meşəlikdir. 38-39°şimal en dairəsində, 48-49° şərq uzunluq dairəsində yerləşir. Torpaq zonaları dağ-çəmən torpaqlarından, dağ-meşə-qonur torpaqlarından, qəhvəyi-dağ-meşə torpaqlarından ibarətdir. Torpaqların mexaniki tərkibi gillicə, orta gillicə, ağır gillicədir.

Rayonun ən böyük  və ən uzun çayı Viləş çayıdır. O, Xəzər dənizinə tökülür, uzunluğu 111 km-dir. Viləş çayının qolları - Allar, Peştəsər, Solqard və Vəlişli çaylarıdır. Rayon ərazisi Talış sıra dağları (ən böyük zirvə Şahnişinidir, hündürlüyü 2490 m-dir), Peştəsər sıra dağları (ən böyük zirvə Peştəsərdir, hündürlüyü 2244 m-dir), Buravar sıra dağları ilə əhatələnir.

İqlimi isti, normal nəmli, yumşaq qış, isti yay, orta illik temperaturu +11,9°C, yağıntının miqdarı 586 mm, külək qərb-cənub, orta sürəti 1,6 m/san-dir, qrunt sularının dərinliyi 4-5 m, seysmik dərəcəsi 7 baldır.

Meşələrdə qiymətli ağaclar - fısdıq, vələs, palıd, nəhəng ağcaqayın, dəmirağac, kol cinslərindən qaragilə, itburnu, əzgil, quşarmudu və s. ağac növləri vardır. Meşələrdə canavar, donuz, çaqqal, tülkü, dələ, porsuq kimi vəhşi heyvanlarla yanaşı, çöl pişiyi və vaşaqa da rast gəlinir.

Hal-hazırda Yardımlı rayon əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı məhsullarının istehsalıdır.

Rayonda 80 ümumtəhsil məktəb, 1 texniki peşə məktəbi, 3 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 89 mədəniyyət obyekti,  36 səhiyyə müəssisəsi vardır.

Rayonda Qız qalası, Çüzünqala, Moran qala, Abi-dərdə türbəsi, Alaf mağarası kimi tarixi abidələr vardır.




Baxılıb: 5095