Rayon haqqında

Zaqatala rayonu Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, “Alazan-Əyriçay” vadisində, “Yevlax-Balakən” şossesi yolunun üzərində yerləşir.

Rayonun əlverişli təbii-coğrafi şəraiti, qarlı dağları, buz bulaqları, meşələri, yaylaqları, gözəl iqlimi və münbit torpaqları vardır.

Rayonun mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdədir, rayonun ərazisi 134800 hektar, əhalisi 115071 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, tütünçülük, fındıqçılıq, çayçılıq təşkil edir.

Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1929-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalası və s. göstərmək olar. Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1°C, dağ-larda -10°C, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24°C və +5°C olur. Burada ildə 600-1600 mm yağıntı düşür. Rayon arazisinın yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülmüşdür. Zaqatala – beynəlmiləl rayondur. Burada əsasən azərbaycanlılar, saxurlar, avarlar, ingiloylar ruslar və başqaları yaşayır.

 Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda taxılçılıq, tütünçülük, meyvəçilik, gülçülük, çayçılıq, bostan və tərəvəz bitkiçiliyi, heyvandarlıq sahələri inkişaf etmişdir. Rayon ərazisinin 55,7 faizinin və ya 75,2 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir. Rayonda sənaye sektoru, o cümlədən emal sənayesi də kifayət qədər inkişaf etmişdir. 27 sənaye müəssisəsinin 78,1 faizi emal sənayesi ilə məşğul olur. Sənayedə istehsal olunan məhsulun 81,0 faizi qida sənayesinin payına düşür. 

Zaqatala rayonu zəngin təbii ehtiyatlara malikdir. Rayon turizmin, mebel sənayesinin, tikinti sənayesinin, ovçuluğun, dərman bitkiləri tədarükü və emalı sənayesinin inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanlara malikdir. 
Ümumi ərazinin 37,8 faizdən çoxunu və 51,0 min hektardan artığını meşə ilə örtülü sahələr təşkil edir. Meşələrdə 4,5-6 milyon kub metr oduncaq ehtiyatı vardır. Mövcud meşələrin 85 faizi dağlıq ərazidə yerləşir, su, torpaqqoruyucu, hava təmizləyici və estetik gözəllik mənbəyi kimi müstəsna əhəmiyyətə malikdir. 

Zaqatala meşələrində qiymətli ağac növlərindən şabalıd, qoz, eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağacı, qarağac və s. ağac növləri vardır ki, bunlardan mebel sənayesində istifadə edilə bilər.

Tikinti materialları sənayesini inkişaf etdirmək üçün rayonda əhəng daşı, qum, gil, çay daşı və s. Ehtiyatları vardır ki, bu da rayonda asfalt, sement, silikat kərpic, dəmir beton məmulatlarının istehsalını inkişaf etdirməyə imkan verir.

Ərazinin zəngin təbii landşaftı və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər aça bilər. Ərazidə həm respublika vətəndaşlarının, həm də xarici vətəndaşların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri (Qəbizdərə, Honzoqor dağı, Xalaxı gölü, Moorcay, Malarasa aşırımı və s.) mövcuddur. Zaqafqaziyada təşkil edilmiş ilk qoruq sayılan (1929-cu il) və çox zəngin flora və faunaya malik olan Zaqatala Dövlət Qoruğu (ərazisi 47.4 min ha.) ekoturizmin inkişafı üçün əvəzsizdir.

Rayonun ərazisi mürəkkəb coğrafi relyefə malikdir. Alazan vadisindən başlayaraq 40-50 kilometr məsafədə hündürlük 350 metrdən 3000 metrə qədər yüksəlir. Bu da ərazidə yaşayan heyvanların növ müxtəlifliyinə və onların artıb çoxalmasına əlverişli şərait yaradır. Odur ki, respublikada mövcud olan 340 quş növündən 104-ü, 92 növ məməlidən 42-ı rayon ərazisində mövcud arsallar üzrə yayılmışdır. Rayonun bioekoloji xüsusiyyətləri, o cümlədən Zaqatala meşə təsərrüfatının Car, Tala və Muxax meşəçiliklərinin orta və yuxarı meşə qurşaqları, eləcə də, yay otlaqlarının bir hissəsi daxil olmaqla 30 min hektar ərazidə özəl ovçuluq təsərrüfatı yaradıla bilər. Bu təsərrüfat həmçinin həmin ərazilərdə geniş yayılmış dərman bitkilərinin tədarükü və emalı ilə də məşğul ola bilər. Dərman bitkilərinin tədarükü və emalı sənayesinin inkişafı üçün rayonun ərazisində 1000-ə qədər bitki növü, o cümlədən 50-ə qədər dərman bitkiləri mövcuddur.

Rayonda “Aygün” müstəqil televiziya şirkəti və “Zaqatala” qəzeti fəaliyyət göstərir. “Aygün” televiziyası təkcə Zaqatala rayonunda deyil, o cümlədən Şəki, Qax və Balakən rayonlarında da yayımlanır. "Aygün" televiziyasında yayımlanan verilişlərdə vətənpərvərlik, dövlətçilik, milli adət-ənənələrimiz, rayonda, eləcə də bölgədə aparılan tikinti-abadlıq və quruculuq səliqə-səhman işləri, sosial problemlərin həlli istiqamətində görülən işlər üstünlük təşkil edir.

“Zaqatala” qəzeti redaksiyası 1923-cü ilin mart ayından fəaliyyətə başlamışdır. İlk əvvəllər “Zaqatala kəndlisi” adlanan qəzet sonralar “Kolxozun səsi”, “Bolşevik kolxozu uğrunda”, “Qırmızı bayraq” və s. başlıqlarla fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayından isə “Zaqatala” adı ilə fəaliyyətini davam etdirir.
"Zaqatala" qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri, aparılan abadlıq-təmizlik, yenidənqurma işlərini oxuculara çatdırmağa səy göstərir.




Baxılıb: 1989