Rayon haqqında

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən olmaqla, 8 avqust 1930-cu ildə təşkil edilmiş, 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılmış, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilmişdir.

Respublikanın cənub bölgəsində yerləşən rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub şərqdən Masallı, cənubdan Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi 1441,4  kvadrat kilometr, əhalisi 197,6 min    (2011)  nəfərdir. Rayonda  2 şəhər, 117 kənd vardır. Mərkəzi Cəlilabad şəhəridir.

Rayon ərazisində 50  tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.

Cəlilabad rayonu relyefinə görə Aran-düzənlik (Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır ( Rayonun şərq və cənub-şərqində Buravar silsiləsinin şimal-qərb hissəsi). Ən hündür nöqtəsi 1000 metrə qədər, şərq hissədə bəzi yerləri okean səviyyəsindən aşağıdır. Antropagen, dağlıq hissədə paleogen və neogen çöküntüləri yayılmışdır.

Əsasən yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur qışda 1-3 dərəcə -selsi, yayda 25-30 dərəcə-selsi, aktiv temperaturun miqdarı 4000-4500 dərəcə-selsidir. İllik yağıntılar 400-600 mm təşkil edir.

Çayların ən böyüyü İran İslam Respublikası ilə sərhəddə yerləşən Balharıçayıdır. Bundan əlavə, Həməşəra, İncəçay, Mişarçay kimi müvəqqəti xarakterli çaylar vardır.

Torpaq tipləri aran hissədə allevual-çəmən, şabalıdı, dağətəyi zonada şabalıdı, qəhvəyi, dağ-meşə torpaqlarıdır. Yarımsəhra, çöl, dağ kserofil bitkiləri və sair inkişaf etmişdir.

Rayonda heyvanlardan dovşan, qaban, porsuq, canavar, çaqqal,  tülkü, qunduz və başqaları, quşlardan qartal, bəzgək, dovdaq, torağay, turac, ördək,qaz, qırqovul, leylək və başqaları yaşayır. Rayonun dağlıq ərazisində nadir bitki- xarıbülbül bitir.

Təbii ehtiyatlardan neftli-qazlı sahə, əhəng, gil, qum və tikinti daşı yataqları mövcuddur.

Rayonun iqtisadiyyatında aqrar sahə xüsusilə taxılçılıq,  kartofçuluq, üzümçülük və heyvandarlıq mühüm yer tutur.

 Rayonda 126 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 18 məktəbəqədər tərbiyyə müəssisəsi, Azərbaycan müəllimlər institutunun filialı, Astara pedaqoji texnikumunun şöbəsi, texniki peşə məktəbi və peşə liseyi,  5 şəhər və 3 kənd sahə xəstəxanası, 28 həkim tibb, 40 tibb məntəqəsi, TTYS, diaqnostika mərkəzi, gigiyena və epidemologiya mərkəzi və dezinfeksiya idarəsi,  şəhər mədəniyyət sarayı, 18 kənd mədəniyyət evi, 24 klub müəssisəsi, 94 kitabxana, 2 muzey və 1 şəkil qalereyası, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, şəhər istirahət parkı, 1 uşaq musiqi və 1 uşaq incəsənət məktəbi, 1 şahmat məktəbi, 3 uşaq gənclər idman məktəbi föəaliyyət göstərir.




Baxılıb: 2967