Şəhər haqqında

Yevlax XIX əsrin 80-cı illərində  stansiya kimi salınmış və uzun müddət əhali tərəfindən “Vağzal” kimi tanınmışdır. XIX əsrin sonu XX əsrin əvvəllərinə  aid rəsmi sənədlərdə və mənbələrdə Yevlax Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlandırılmışdır.

Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir. 1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir. 1962-ci il dekabrın 26-da çağırılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov (Goranboy) rayonlarına verilmiş, Yevlax Respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.

Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərq, Qarabağ və Şirvan düzənliklərininn şimal-Qərb kənarı) Yevlax şəhəri Qədim ipək yolunun üzrərindədir. Qışı quraq keçən  mülayim-isti yarımsəhra  və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlincan çayının, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir Su anbarının  cənub-şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir.

Ərazi Boz-çəmən, allüvial çəmən-meşə, şorkətvari boz-qonur torpaqlardır. Bitki örtüyü əsasən yarımsəhra tiplidir. Kür çayı sahilində tuqay meşələri var. Meşə fondu 4450 hektardır. Heyvanlar: canavar, tülkü, boz dovşan, çaqqal, quşlar:  turac, kəklik və sairdir.

Yevlax rayonunun ümumi ərazisi 154 min kvadrat metrdir. Yevlağın kəndləri ilə birlikdə ümumi əhalisinin sayı 01.01.2013-cü il tarixə 122,7 min  nəfərdir. Yevlax şəhərində  60,0 min nəfər, qəsəbə və kəndlərində 62,7 min nəfər əhali yaşayır. Yevlaxda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 2 qəsəbə və 46 kənd vardır. Bu yaşayış məntəqələri 19 ərazi nümayəndəliyi, qaçqın və məcburi köçkünlərin yaşadığı düşərgədə 1 nümayəndəlik, 29 bələdiyyə vasitəsi ilə idarə olunur.

Yevlax ölkəmizin mühüm kənd təsərrüfatı rayonlarındandır. Onun ərazisinin 68,8 %-ni və ya 80,9 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar,  o cümlədən 40,4 %-ni və ya 32,7 min hektarını əkin yeri təşkil edir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı rayonda kartof, tərəvəz, bostan bitkiləri, üzüm və digər meyvələr  də əkilib becərilir.

Rayonda 57 ümumtəhsil məktəbi, 1 Texniki peşə məktəbi, Uşaq yaradıcılıq mərkəzi, 25 uşaq bağçası, 46 kitabxana, 22 klub, Heydər Əliyev sarayı, 19 mədəniyyət evi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, 6 uşaq musiqi məktəbi,  2 xalq teatrı, 2 uşaq gənclər idman məktəbi, 6 min yerlik stadion, Şahmat məktəbi vardır.

Rayon əhalisinin sağlamlığına xidmət edən 267 çarpayılıq 4 xəstəxana, 4 poliklinika, Təcili tibbi yardım stansiyası, Qadın məsləhətxanası, 21 tibb məntəqəsi və feldşer-mama məntəqələri fəaliyyət göstərir.




Baxılıb: 4781