Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nəsimi rayonu 13.06.1969-cu il tarixində yaradılmışdır. Nəsimi rayonu Xətai, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonları ilə həmsərhəddir və onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır.
Nəsimi rayonunun inzibati ərazisi 10,0 kv.km., əhalisi isə 01.10.2012-ci il tarixə rəsmi qeydiyyatda 217.139 nəfərdir.
Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan “Dəmiryolu Sərnişin Vağzalı” bu rayonda yerləşir. Şəhər Metropoliteninin "28 May", "C.Cabbarlı", "20 Yanvar" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.
Rayon ərazisində ölkə əhəmiyyətli bir neçə sosial-mədəni obyekt yerləşir. Onlardan ən mühümü "Heydər Əliyev adına Saray"dır. Milli memarlıq elementləri ilə müasirliyin cizgilərini özündə üzvi şəkildə birləşdirən bu sarayın qarşısındakı parkda Heydər Əliyevin əzəmətli abidəsi ucalır. Bundan əlavə, Bakıda yeganə sirk - Bakı Dövlət Sirki və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da Nəsimi rayonu ərazisindədir. Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Respublika Velotreki rayonun tanınmış idman obyektlərindəndir.
Rayonda Nəsimi Bələdiyyəsi fəaliyyət göstərir.
Nəsimi rayonu ərazisində 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə RİH başçısının nümayəndəlikləri mövcuddur. Rayon ərazisində qəsəbə və kənd mövcud deyil.
Nəsimi rayonunda məşğul əhalinin əsas hissəsi istehsal, ticarət, ictimai iaşə və xidmət sahələrində çalışır.
Rayon ərazisində 19 iri sənaye müəssisəsi, 4 Elmi Tədqiqat və Layihə İnstitutu, 13 bank və onların filialları, 9 rabitə müəssisəsi, 11 mehmanxana yerləşir. İşçilərin sayına görə ən iri müəssisə «Bakı Tikiş Evi » ASC-dir.
Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə də paytaxtda birincidir. Belə ki, rayon ərazisində 8 ali məktəb (Azərbaycan Neft Akademiyasi, Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi - uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarlıq abidəsi yerləşir.
Paytaxtdakı mühüm səhiyyə ocaqlarının da əksəriyyəti Nəsimi rayonu ərazisindədir. Burada çoxlu sayda elmi-tədqiqat tibb institutu, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.
Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 2.457 ailə (10872 nəfər) rayon ərazisində müvəqqəti məskunlaşmışdır. Rayonda 152 şəhid (138–i Qarabağ müharibəsi şəhidi, 14–ü 20 Yanvar şəhidi) ailəsi vardır.
Viewed: 2957