Şəhər haqqında

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Bakı şəhərinin Nizami rayonu 1980-ci ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 kv.km, əhalisi 188500 nəfərdir.

Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Qəsəbənin ərazisi 10,4 kv.km, əhalisi isə 23500 nəfərdir. Burada Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə Nümayəndəliyi fəaliyyət göstərir. Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.

Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş müasir yolötürücü kompleksləri ilə yanaşı, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.

Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, “NJT-2000” firması, “Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti” SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü Tunel” ASC, “European-Tobacco Baku” ASC, “Bakı Qida və Yağ Fabriki” MMC , “Veysəloğlu” MMC, “Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 8 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir.

Rayonda 23 orta ümumtəhsil məktəbi, “Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, “Dədə Qorqud” özəl Türk liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 24 uşaq bağçası, 1 uşaq evi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan “Xəzər” Universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.

6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına xidmət edir.

Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə vaxtilə mövcud olmuş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının müasir inzibati binaları, olimpiya idman kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri aparılır. Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonunun da simasını dəyişir, onun abad və müasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradır.

 




Baxılıb: 2921