Şəhər haqqında

Səbail rayonu Bakı şəhərinin Xəzər sahili boyu yerləşən mərkəzi rayonudur. Rayonun ərazisi 29 kv.km, əhalisi 94957 nəfərdir. Rayonda 4 ərazi nümayəndəliyi  və 3 bələdiyyə fəaliyyət göstərir.

Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmış, bir neçə dəfə adını dəyişərək nəhayət, 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır.

Səbail rayonunu, mübaliğə etmədən, tarix və memarlıq abidələrinin əsl xəzinəsi adlandırmaq olar. Rayonun ərazisində antik düvrə və orta əsrlərə aid abidələr müvcuddur. Azərbaycanda müvcud olan və YUNESKO tərəfindən dünya mədəniyyət irsinin inciləri sırasına daxil edilmiş İçərişəhərin min ildən çox yaşı var. Onun başlıca abidəsi - dəbdəbəsi və möhtəşəmliyi ilə insanı heyran qoyan və dövlət tarixi-memarlıq muzey-qoruğu olan Şirvanşahlar sarayı ansamblıdır. Qədim illərin yadigarı Qız Qalası Səbail rayonunun rəmzidir.

Bakılıların və şəhərimizə gələn qonaqların əsas ziyarət yerləri olan Şəhidlər Xiyabanı və Fəxri Xiyaban, Heydər Əliyev Fondu, habelə bir çox istirahət və gəzinti obyektləri, o cümlədən Fəvvarələr Meydanı, Nizami küçəsi, Dənizkənarı Bulvar, Dövlət Bayrağı Meydanı, Azadlıq Meydanı da Səbail rayonunda yerləşir.

Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 18 orta təhsil müəssisəsi, 18 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 22 səhiyyə müəssisəsi yerləşir.

Şəhərimizin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 7 teatr, filarmoniya, 1 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət  evi, 5 məscid və 1 ibadət yeri Səbail rayonunda fəaliyyət göstərir. Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə ucaldılmış heykəl və büstlər, 13 istirahət parkı vardır.




Baxılıb: 3072