Şəhər haqqında

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayonunun adı əvvələr Oktyabr rayonu olmuş, Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarına əsasən Yasamal rayonu adlandırılmışdır.

Rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.

Rayon ərazisindən - cənubdan “Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən – Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan – Biləcəri enişi vasitəsi ilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.

Rayon əhalisinin sayı 240.300 nəfərdir. Rayon ərazisində Ermənistan Respublikasından – öz doğma  yurdlarından didərgin düşmüş  qaçqın və işğal olunmuş rayonlardan məcburi köçkünlər yaşayır.

Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 14.710 nəfər düşür. Rayon əhalisinin 114.800 nəfərini, yəni 48.5 faizini kişilər, 123 800 nəfərini, 52.5 faizini qadınlar təşkil edir.

Rayon ərazisində 9 ali təhsil müəssisəsi, 4 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 29 uşaq bağçası-körpələr evi, 25 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir.

Metropolitenin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar “ metro stansiyaları rayon ərazisindədir.                                              

Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.




Baxılıb: 2940