Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. Bu günə gəlib çatan bir sıra dünya, eləcə də ölkə əhəmiyyətli tarixi abidələr ərazidə vaxtilə yaşayış məskənlərinin salındığını sübut edir. Dövrümüzə gəlib çatan qayaüstü rəsmlər, yaşı eramızdan əvvələ hesablanan kurqanlar, qəbirstanlıqlar, tarixi-memarlıq abidələri, qalalar, tikililər, türbə və məscidlər ərazinin qədim mədəniyyətə malik olduğunu təsdiq edir. Təkcə Qala tarix-etnoqrafiya qoruğunun ərazisində 234-ə yaxın həyət, məscid və hamam vardır. Havasında 9 iqlim qurşağını birləşdirən, Abşeron yarımadasının səfalı guşəsində yerləşən Xəzər rayonu neft rayonu kimi də tanınır.
1960-cı ildə yaradılan rayonun ərazisi 403,6 kv km, əhalisinin sayı son statistik məlumata görə 176 min 706 nəfərdir. Xəzər rayonu Sabunçu, Suraxanı rayonları ilə həmsərhəddir. Rayonda 12 qəsəbə və 10 bələdiyyə mövcuddur.
Xəzər rayonu Bakı rayonları arasında iqtisadi potensialına və çoxşaxəli iqtisadiyyatına görə seçilir. Burada 4 neft-qazçıxarma idarəsi, 20-yə yaxın iri sənaye müəssisəsi vardır. Heydər Əliyev adına Bakı Hava Limanıda Xəzər rayonunun ərazisində yerləşir.
Rayonda 36 ümumtəhsil məktəbi, 2 Gimnaziya, 7 Xüsusi internat məktəbi, 28 uşaq bağçası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Polis Akademiyası, Milli Aviasiya Akademiyası, A.N Heydərovun adına sıravi və kiçik rəis heyəti hazırlayan məktəb, 2 peşə məktəbi, 5 məktəbdən kənar təhsil müəssisəsi, 6 birləşmiş şəhər xəstəxanası, 2 vərəm və 8 uşaq sanatoriyası, 1 poliklinika, 1 ağciyər xəstəxanası, 1uşaq reabilitasiya xəstəxanası, 1 özəl klinika və 4 müalicə diaqnostika mərkəzi, 2 muharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 4 kurort müalicə sanatoriyası və 1 Qocalar üçün internat evi fəaliyyət göstərir.
Həmçinin, rayon ərazisində 12 Mədəniyyət evi və kulub, 4 musiqi məktəbi, 8 kitabxana, 2 muzey, 1 qoruq (Qala Dövlət Tarixi Etnoqrafiya Qoruğu), 14 istirahət parkı, 4 otel, 1 Olimpiya kompleksi, 8 stadion, 3 idman mərkəzi və kompleksi vardır.
Xəzər rayonunun ərazisində dini, tarixi abidələr, qədim məscidlər, insanların müqəddəs inanc yeri saydığı məkanlar çoxdur. Rayonda 23 məscid və 3 məscid-ziyarətgahı vardır.
Burada 115-dək tarixi-arxeoloji və mədəniyyət abidəsi dövlət tərəfindən mühafizə olunur. Bunun 47-si ölkə, 68 yerli əhəmiyyətli mədəniyyət abidələridir. Mərdəkanda XIV əsr Tuba şahı məscidi, XVII əsr Pirhəsən Türbəsi, XVIII əsr Xanbaba hamamı, Şağanda XVII əsrə aid pir, Qala qəsəbəsində XVIII-XVIIII əsrdə tikilən məscidlər, Buzovnada, Zirədə, Türkanda, Şağanda XVIII-XVIIII əsr məscidləri son illərdə abadlaşdırılaraq istifadəyə verilmişdir.
Baxılıb: 3349