Şəhər haqqında

Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur.

Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-63-cü illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ  stansiyasının adı ilə bağlıdır.

Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. 

Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırki Xocəsən və Sənqəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır.

Hazırda Qaradağ rayonunun ərazisi – 1080 km2 və əhalisi 109371 nəfərdir. Şimaldan  Abşeron rayonu və şimal-şərqdən Yasamal rayonu, Şərqdən Binəqədi rayonu və cənub-şərqdən Səbayil rayonu, Qərbdən - Şirvan şəhəri, Şimal - qərbdən - Şamaxı rayonu, Cənub - şərqdən - Salyan rayonu, Cənub-qərbdən - Hacıqabul rayonu ilə həmsərhəddir.

Rayonda 13 yaşayış məntəqəsi, 11 inzibati ərazi vahidi, 11 bələdiyyə, 25 orta məktəb, 4 litsey və peşə məktəbi, 3 musiqi məktəbi, 1 xüsusi internat məktəbləri, 22 uşaq bağçası və körpələr evi, 7 xəstəxana, 6 poliklinika, 2 müstəqil poliklinika, 1 stomatoloji poliklinika, 1 özəl klinika, 1 uşaq sanatoriyası, təcili və təxirə salinmaz tibbi yardim stansiyası, Respublika Güzəm xəstəxanası, Ələt Dəmiryol xəstəxanası, 8 mədəniyyət evi, 1 muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahət parkları, 1 dövlət qoruğu, 10 yerli əhəmiyyətli, 4 respublika əhəmiyyətli, 1 dünya əhəmiyyətli mədəniyyət və tarixi abidə, 10 məscid, 3 pir və ziyarətgah vardır.




Baxılıb: 4569