About region

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə V.H.İmanov Bakı şəhəri Pirallahı rayonu İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.

   

Xəzər dənizinin qərb sahillərində yerləşən Abşeron arxipelağının Pirallahı adlanan ən böyük adası burada içməli su olması səbəbindən uzaq keçmişdən insanların yaşayış məskəninə çevrilmişdir. Pirallahı adası Abşeron yarımadasından şərqdə, Xəzər dənizində ən böyük adalardan biridir. Adanın sahəsi 17,56 (1755,49 ha) km2, uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir.

   

Hələ Antik dövr çoğrafiyaşünaslarından romalı Pomponi Mela (I əsr) və yunanıstanlı Klavdi Ptolomey (II əsr) yazırdılar ki, Albaniyanın gündoğanında, Xəzər dənizində içməli şirin suyu olan Talxe adası var (ehtimal olunur ki, bu, Pirallahının tarixə məlum olan ilk adlarından biridir), bol meyvə və tərəvəz yetişən həmin adanın torpağı da, barı da Tanrıya məxsusdur. Demək, o zamanlar ada müqəddəs yer sayılırmış, gəlirlərinin bir hissəsi məbədə, bir hissəsi isə kahinlərə sərf olunurmuş. Ərəb xilafəti dövründə tərtib edilən xəritələrdə Pirallahı adası qeyd olunur. “Pir” sözü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir, “ocaq”, “müqəddəs yer” anlamında işlədilir. Pirallahı – yəni Allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII – VIII yüzilliklərdən sonra “Pir” sözünə “Allah”da əlavə edilmiş və ada “Pirallahı” adlanmağa başlamışdır.

Pirallahı adına ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Görünür sonradan bu qədim ziyarət yeri İslam aləmi tərəfindən də müqəddəs bir yer kimi qəbul edilmişdir. İslam dini özündən əvvəlki səmavi dinləri və kitabları qəbul etdiyindən, İslamdan qabaqkı əsatirlərin, müqəddəs övliya və pirlərin, ibadət yerlərinin sonradan müsəlman ziyarətgahına çevrilməsi orta əsrlərdə bir növ ənənə şəklini almışdı. Beləliklə, aydın görünür ki, Pirallahının tarixi haqqında hələ İslamdan 8-9 əsr əvvəl verilən məlumatlarla adanın adı uyğun gəlir.

   

XVIII əsr Rusiya coğrafiyaşünaslığında adanın min illərin dərinliyinə gedən tarixi nəzərə alınmışdı. Pirallahı sözünün rus dilinə edilmiş tərcüməsinə 1723-cü ildə I Pyotrun Xəzərin cənubuna təşkil olunan səfərində iştirak etmiş “Avtronal” yelkənli gəmisinin növbə jurnalında aparılmış qeydlərdə də rast gəlinir. Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar sırasında Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışdılar. Bu isə “Pir” və ya “Pirallahı” sözünün sadə, lakin düzgün bədii çevrilməsidir.

   

Pirallahının abidələri haqqında məlumatlara Azərbaycanda olmuş səyyah və alimlərin yol qeydlərində və əsərlərində rast gəlmək mümkündür. XVIII əsr alman səyyahı və həkimi İ.Lerx (1703-1780) “Onun həyatı və səyahətləri” əsərində Pirallahı abidələri barədə məlumat vermişdir. Səyyahın əsərində “Pir” adasının və Abşeron yarımadasının üzbəüz sahilinin sxematik planı əks olunmuşdur. İ.Lerx yarımadanın qurtaracağında üç bürc və iki məqbərənin, adada isə ətrafında çoxlu sayda başdaşları olan bir məqbərənin olduğunu göstərmişdir. Lerxin əsərinə əlavə edilmiş sxematik təsvirdə Pirallahı adasında türbələr və üç müdafiə bürcünün olduğu da aydın görünür. Pirallahıda sovet dövründə məhv edilmiş kitabələr arasında qoyunşəkilli qəbirdaşların təsviri faktları da çox maraqlıdır.




Viewed: 5969