Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda və Kür çayının sol sahilində yerləşir.
Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Oğuz rayonu ilə 6 km, Qəbələ rayonu ilə 10 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir.
Rayonun ərazisindən Türyan çayı, cənub-qərb sərhəddi boyu Kür çayı axır. Yuxarı Şirvan kanalı Ağdaş rayonu ərazisindən keçir. Rayonda əsasən boz çəmən torpaqları yayılmışdır, ərazisinin cənubunda şoran torpaqlar var. Əkin altında olan sahələrin relyefi hamar düzənliklər olub, xırda çökəkliklərdən ibarətdir. Bitkiləri əsasən çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində Tuqay meşələri, Türyançayı hissəsində isə Türyançay Dövlət Qoruğu yerləşir.
Rayon şosse, dəmir yolu və digər kommunikasiya xətlərinin üstündə yerləşir. Rayon ərazisindən Bakı-Qazax avtomobil yolu, Bakı-Tbilisi dəmir yolu, Bakı-Supsa, Bakı-Ceyhan, Qaradağ-Ağstafa neft-qaz kəmərləri, Mingəçevir-Bakı elektrik ötürücü xətti keçir.
Tarixi qaynaqlar sübut edir ki, əlverişli təbii şəraitə malik olan bu bölgədə ilkin həyat və insan yaşayışın mövcudluğu və Ağdaş toponiminin meydana gəlməsi təqribən 400 illik tarixə malikdir.
Şirvan bəylərbəyliyinin tabeliyindəki Ərəş sultanlığı uzun illər feodal hakimlərinin idarəçiliyində olmuş, Azərbaycanın şimal ərazisinin Rusiyaya ilhaq edilməsindən sonra çarizmin inzibati islahatları nəticəsində indiki Ağdaş rayonu ərazisində 1873-cü ildə Yelizavetpol quberniyasının tərkibinə daxil olan, Ərəş qəzası yaradılmışdır. Bu inzibati ərazi vahidi 1929-cu ilədək mövcud olmuş, elə həmin ildə ləğv edilərək bir il sonra 08 avqust 1930-cu ildə Ağdaş rayonu yaradılmış və ərazisi 102305 ha-dır. XVI əsrdə salınmış bu yaşayış mərkəzinə 1900-cu ildə şəhər statusu verilmişdir.
Hazırda rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 1qəsəbə olmaqla 72 kənd vardır. Əhalisinin sayı 01 yanvar 2013-cü il tarixə 103418 nəfərdir. Rayonda 41 bələdiyyə və 43 şəhər, qəsəbə və kənd icra nümayəndəliyi vardır.
Rayonun ərazisində dövlət qeydiyyatına alınmış 17 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri, hətta tarixi islamiyyətin yayıldığı ilk illərə təsadüf edən müqəddəs ziyarətgahlar və pirlər vardır.
Rayonun ərazisinin tranzit dəhliz baxımından əlverişli olması, burada mövcud olan karvansaraylar, texniki bitkilərin becərilməsi sahəsində əldə olunan təcrübə, nəhayət 1883-cü ildə Bakı-Tiflis dəmiryolunun çəkilməsi Ağdaşın əhəmiyyətini daha da artırmış, burada emal sahələrinin yaradılmasına səbəb olmuşdur. Rayonda sənaye məhsulu istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisi, qaz, su, istilik enerjisinin emalı ilə yanaşı çörək, çörək-bulka, müxtəlif şirniyyatlar, sərinləşdirici içkilər, meyvə şirəsi, şokolad, karamel, qatılaşdırılmış süd, dondurma, mebel, kərpic, qum-çınqıl və sair istehsal olunur.
Ağdaş rayonu ərazisindəki torpaq səthinin əsasən düzənlik tipli, torpaqların boz-çəmən forması, mülayim iqlim şəraitinin olması, eyni zamanda rayonun Kür çayının sol sahilində yerləşməsi, bol sulu olması ilə mütəxəssislərin diqqətindən yayınmamış, bu ərazidə 20-ci əsrin əvvəllərindən başlayaraq iqtisadiyyatın əsasını təşkil pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdır. Sonralar Yuxarı Şirvan kanalının, 1958-ci ildə Türyançay üzərində su qovşağının tikilməsi, Kürqırağı ərazilərdəki təsərrüfatların mexaniki suvarma sistemləri ilə təminatı rayonda pambıqçılıqla bərabər digər sahələrin, xüsusilə tərəvəzçilik, meyvəçilik və heyvandarlığın inkişafına güclü təkan vermişdir.
Baxılıb: 2446