Rayon haqqında

Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir, 4 yanvar 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.

Ağsu 1967-ci ildə şəhər statusu almışdır. Rayon qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.

Ərazisi 1020 kvadrat kilometr, əhalisi 74,148 min nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 79 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 32 bələdiyyəni əhatə edir.

Əhalinin ümumi sayının 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 27,9%-i şəhərdə, 72,1%-i kənd yerlərində yaşayır.

Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. Rayonunun relyefi dağlıq, dağətəyi və maili düzənliklərdən ibarətdir. Dağlıq hissəsi dəniz səviyyəsindən 700-1000 metr hündürlükdə yerləşir.

Ağsu rayonunun Böyük Qafqazın cənub yamacında yerləşməsi onun iqlim şəraitinə böyük təsir göstərir. Bu bölgənin iqlimi əsasən qışı quraq keçən mülayim-isti, yarımsəhra, quru bozqır iqlimi (cənub) və yayı quraq keçən mülayim isti (şimal) iqlim tiplərindən ibarətdir. Qışı quraq, günəşli və az qarlı keçməsilə səciyyələnir. Havanın orta illik temperaturu 13-14 C-dir. Orta aylıq nisbi rütubət isə il ərzində 50-81 % olur. Yağıntının illik miqdarı 400-600 mm təşkil edir.

Rayonun təsərrüfatında mühüm rol oynayan Ağsu çayı öz mənbəyini Lahıc dağlarından götürür. Ağsu şəhərindən cənuba doğru bu çayın vadisi öz formasını itirir. Burada çay süni suvarma əkinçiliyi və bostançılıqla əlaqədar arxlar vasitəsilə xırda şaxələrə parçalnır.

Rayonda təxminən 37 min ha ərazidə əkin aparılır. İri buynuzlu mal - qaranın sayı 40566 baş, qoyun keçilərin sayı 157456 baş təşkil edir.

Ümumtəhsil məktəblərinin sayı -70, o cümlədən bunlardan 35-i tam orta, 16-sı orta və 19-u ibtidai məktəblərdir.




Baxılıb: 1988