Rayon haqqında

Astara rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 616 kv.km, əhalisi 101188  nəfərdir. Mərkəzi Astara şəhəridir.

Rayon  Bakı şəhərindən 313 km aralıda yerləşməklə, cənubdan və qərbdən İran İslam Respublikası,  şimaldan Lənkəran rayonu ilə həmsərhəddir. Şərqdən Xəzər dənizi ilə əhatə olunmuşdur.

Rayonda 1 şəhər, 2 qəsəbə, 12 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik vardır. Bu nümayəndəliklər 1 şəhər, 2 qəsəbə və 92 kənddən ibarətdir. Rayonda 1 şəhər, 2 qəsəbə, 18 bələdiyyə fəaliyyət göstərir. Astara aran və dağ zonasından ibarətdir. Rayonun qərb dağlıq ərazisində Pəlikəş, Hamoşam, cənub sərhədi boyu isə Səncərədi, Suparibağ kənd və Astara şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri İran İslam Respublikası ilə birbaşa həmsərhəddir.  

Rayonun ərazisindən Təngərüd çayı və İranla dövlət sərhədi boyu Astara çayı axır. İqlimi yayı quraq keçən mülayim istidir. Rayonun düzənlik və dağətəyi  hissəsi Respublikanın rütubətli (mülayim rütubətli) subtropik zonasına daxildir. İllik yağıntı  1200-1750 mm-dir.

Astara  rayonunun  sənayesi  əsasən  elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, kərpic istehsalı, qida  məhsulları, o cümlədən təbii  çay istehsalı və digər  sahələrlə təmsil olunur. Astara aqrar rayondur. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Çay və subtropik meyvə istehsalı kənd təsərrüfatının əsasını təşkil edir. Bundan başqa rayonda çəltik və tərəvəz istehsalı, bal tədarükü də aparıcı sahələrdir.

Rayonda 45 tam orta, 9 ümumi orta, 9 ibtidai məktəb, 16 uşaq bağçası-körpələr evi, Uşaq gənclər şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, Ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, Uşaq yaradıcılıq mərkəzi, Texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.

Mədəniyyət və Turizm şöbəsinin nəzdində 24 mədəniyyət evi, 29 klub, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, Dövlət Rəsm Qalereyası, Uşaq musiqi məktəbi, 57 kitabxana əhaliyə mədəni xidmət göstərir.

Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 №li Qərarı ilə təsdiqlənmiş və dövlət mühafizəsinə götürülmüş 102 daşınmaz tarix və mədəniyyət abidəsi vardır. Onlardan 26 abidə ölkə əhəmiyyətli, 76 abidə isə yerli əhəmiyyətli abidələr siyahısına daxildir. Əhəmiyyət dərəcəsinə görə 48 memarlıq abidəsi, 47 arxeoloji abidə, 2 bağ-park, monumental və xatirə abidəsi, 5 dekorativ tətbiqi sənət abidəsi isə yerli əhəmiyyətli tarixi mədəni-abidlər siyahısına aid edilmişdir.




Baxılıb: 2093