Rayon haqqında

Mil düzü rayonları qrupuna daxil olan Beyləqan rayonu 24 yanvar 1939-cu ildə yaranmış və Jdanov rayonu adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır.

Beyləqan rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Kür-Araz ovalığının Mil düzündə, şimalda Kür, cənubda Araz çaylarının arasında yerləşir. Şimalda Kür çayı boyu kiçik ərazidə  Zərdab rayonu, şərqdə İmişli rayonu, qərb və şimal-qərbdə Ağcabədi rayonu, cənub-qərbdə  Füzuli rayonu, cənub-şərqdə Araz çayı boyu  İran İslam Respublikası ilə həmsərhəddir.

Rayonun ərazisi 1131  kvadrat km, əhalisinin sayı 01.01.2012-ci il tarixə 89,7 min nəfərdir. 1 kvadrat km-ə 79 nəfər düşür. Mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 265 km-dir. Rayonda 31 inzibati ərazi vahidi və 37 bələdiyyə mövcuddur. Rayonda 1 şəhər, 15 qəsəbə, 24 yaşayış məntəqəsi vardır.                                                                                                  

Beyləqan rayonu ərazisi quru subtropik iqlim qurşağında yerləşir. Qışı mülayim, yayı isti quraq keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Qış fəslində mülayim iqlim, yay dövründə isə tropik iqlim üstünlük təşkil edir. Ərazidə orta yanvar izotermi – 0 °C, orta iyul izotermi +24 °C keçməklə, qışda -5-10 °C, yayda +25+35 °C arasında dəyişir.

Ərazidə yağıntı qeyri – bərabər paylanmaqla orta kəmiyyət 350-400 mm arasındadır. Bu kəmiyyət Araz və Kür çayları boyu daha çox mərkəzi Aran hissəsində isə orta hesabla 300 mm təşkil edir. Mümkün buxarlanmanın 800-1400 mm olmasının nəticəsidir ki, rütubətlilik əmsalı 0,3-ə bərabərdir və ərazidə yay vaxtı suvarma tələb olunur.




Baxılıb: 1946