Salyanda narkomaniyaya qarşı mübarizə üzrə gənclərin regional forumu keçirilib.

  Oktyabrın 2-də Salyandakı Heydər Əliyev Mərkəzində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə narkomaniyaya qarşı mübarizə üzrə gənclərin regional forumu keçirilib.

  Tədbirdə Şirvan şəhər, Hacıqabul, Salyan, Saatlı, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Beyləqan, Yevlax və Ağsu rayonlarından 300-ə yaxın yeniyetmə və gəncin iştirak etdiyi forumun əsas məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaq olub..

  Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi, BMT-nin Azərbaycandakı nümayəndəsinin strateji tərəfdaşlıq üzrə müşaviri, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndəsi və digərləri çıxış edərək narkomaniyanın zərərləri, region üçün xarakterik fəsadları və sağlam həyat tərzinin təbliğində ictimaiyyətin, gənclərin üzərinə düşən vəzifələrdən bəhs ediblər.

  Forumun ikinci hissəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri çıxış edərək, narkomaniyaya qarşı ölkədə aparılan mübarizə tədbirləri barədə məlumat veriblər.

  Sonda bu bəşəri bəladan bəhs edən videoçarx nümayiş etdirilib.  

  Bunula yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.




Просмотрено: 1200