2015-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat.

  2015-ci ilin 9 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

  Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 2702 fakt aşkar edilmişdir ki,  onlardan 777-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma,  1733-ü  satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 180-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 12-i isə digərləri təşkil etmişdir. Aşkar edilmiş  faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 984 kq 932,169 qr müxtəlif növ narkotik vasitələr  və  787  ədəd çətənə kolu  müsadirə olunmuşdur.      

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 666 kq 562,839  qr marixuana, 189 kq 422,962 qr tiryək, 53 kq 436,256 qr heroin, 56 kq 816,37 qr həşiş, 5,2 kokain, 18 kq 693,742 qr psixotrop  maddələr və digərləri, 1310 ədəd  metadon həb,  o cümlədən 787  ədəd  çətənə kolu  təşkil  etmişdir.  

  Həmçinin, “Xaş-xaş” şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 189 ton  601 kq 236 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

  Cinayət məsuliyyətinə 1892  nəfər cəlb edilmişdir ki, onlardan 7-i 18 yaşadək, 432-i 30 yaşadək, 1406-ı 30 yaşdan yuxarı, 16-ı fəhlə, 7-i qulluqçu,1-i vəzifəli şəxs, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 1643-ü işləməyənlər, 1822-i kişilər, 23-ü qadınlar, 47 nəfəri isə  xarici ölkə vətəndaşları olmuşdur.

 Əcnəbilərdən 21-i İran İslam Respublikası, 19-u Gürcüstan, 3-ü Türkiyə, 2-i Ukrayna, 1-i Rusiya Federasiyası,1-i Türkmənistan  Respublikasının vətəndaşı olmuşdur.

  Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən 2015-ci ilin 9 ayı ərzində Ədliyyə  Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilmiş, onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bununla yanaşı,  Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə  Nazirliyinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 24.925 nəfər keçmişdir. Onlardan 554 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş, 189 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür. Bununla yanaşı, cari ilin  9 ayı ərzində 2.157 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 1016 nəfəri “Alkoqol qəbul nəticəsində psixi və davranış pozuntuları”,  933 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları”, 208 nəfəri isə  digər diaqnozlarla  müalicəyə qəbul edilmişdir. 

  Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, müvafiq dövrünə olan məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 477 nəfər  İİV-ə yoluxma hallarının 24,9% (119 hal), ümumilikdə isə 1992-ci ildən-01.09.2015-ci il tarixədək 5397  yoluxma hallarının 51,9 %  (2801 hal) inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmçinin 01.09.2015-ci il tarixinə ümumilikdə 2784 nəfər İİV/QİÇS-lə xəstə ARV-terapiyaya cəlb edilmişdir ki, onlardan 408 nəfəri 2015-ci il ərzində olmuşdur.Yeni cəlb olunanlardan 131 nəfəri İNİ-dirlər. ARV-terapiyaya ümumi cəlb olunan 2784  nəfərdən 1403 nəfəri İNİ-dir və onlardan 545 nəfər penitensiar sistemdə ARV-terapiyaya qoşulmuşlar. Eyni zamanda Respublika Narkoloji Mərkəzinin qeydiyyatında olan xəstələrin qan nümunələri QİÇS-lə Mübarizə Mərkəzinin və onun regional İİV-diaqnostika laboratoriyalarına mütəmadi göndərilir və müayinə olunur. 2015-ci ilin 9 ayı ərzində 123 şəxsdə İİV-ə yoluxma venadaxili narkotik maddələrin qəbulu nəticəsində baş vermişdir.

  Narkomanlığa və Narkotik  Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəyə minmiş 197 hökmü üzrə müsadirə olunan 357 kq-dan (əlavə olaraq 3118 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma yolu ilə Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.




Просмотрено: 987