“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun birgə təşkilatçılığı ilə 05 fevral 2016-cı il tarixdə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbin akt zalında aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Narkomaniya -əsrin bəlasıdır” başlığı altında tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Polis İdarəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun məsul əməkdaşları mövzu ətrafında çıxışlar edərək, Dövlət Proqramının icrası ilə əlaqədar görülən tədbirlər barədə, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışaraq, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər. Eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmış və verilən suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.
Həmçinin narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı sosial video çarx nümayiş olunmuşdur.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən də hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.