“AĞ ÖLÜM”LƏ MÜBARİZƏ

   Cəmiyyətdə “ağ ölüm” kimi qəbul edilən, bəşər övladının baş bəlasına çevrilən, əhalinin, daha doğrusu, gənc nəslin bir qismində sonsuz maraq doğuran, aludəçilik yaradan, müalicəsi olduqca çətin və uzun müddət tələb edən,  insan  cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran  narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, istifadəsi, satışı, ümumiyyətlə, narkomanlıq ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən birinə çevrilmişdir.

  “Narkomaniya” yunan sözü olub “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından göründüyü kimi, bu xəstəlik cəmiyyət üçün çox qorxulu, təhlükəli, insanda sonsuz problemlər yaradan, onu lazımsız və keyfiyyətsiz bir məxluqa çevirən xəstəlikdir. Narkotikdən asılılıq ağır xəstəliyə -narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisini birdən-birə azaldır, ümumi zəhərlənmə baş verir və beləliklə də keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən narkomanlar arasında bir çox xəstəliklərə tutulan insanlar çoxdur.

   Bütün dünyada bununla bağlı heç də asan olmayan mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmaqda davam edir. Bu gün dünyada narkomaniyanın gəncləşməsi prosesi gedir. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

   Narkotik maddələrin gənc nəsillər arasında daha tez yayılması təhlükəsini nəzərə alaraq, dünyanın bir çox ölkələri “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edir. Bu proqrama təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kompaniyaları daxildir. Bu kompaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.

    Azərbaycan dünyaya inteqrasiya edir və çox təəssüf ki, bu inteqrasiyasının müsbət məqamları ilə yanaşı mənfi məqamları da var. Belə ki, narkomaniya bəlası digər ölkələrdə olduğu kimi, Azərbaycandan da yan keçməyib.

    Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

   Məhz buna görə də respublikamız narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən, beynəlxalq hüquq normalarını tam və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmuş və bu cinayətlərə qarşı mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür.

    Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

  Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarətdir.

   Son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərə çarpacaq dərəcədə artmışdır. Bunu hüquq mühafizə orqanlarının narkotik vasitələrin, psixotror maddələrin və onların prekursorlarının, habelə digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətini əks etdirən statistik məlumatları da əyani şəkildə göstərir.

   2012-2013-cü illər ərzində Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrlə bağlı qeydiyyata  alınmış  cinayətlərin sayı və bu cinayətlər üzrə götürülmüş narkotik vasitələrin miqdarı barədə hazırlanmış məlumatda müxtəlif illər üzrə statistik məlumatların müqayisəli  təhlili göstərir ki, 2012-ci il ərzində narkotik vasitələrlə bağlı 2453 cinayət faktı aşkar olunmuşdur ki, onlardan 712-si narkotik vasitələrin qanunsuz satışı, 1591-i satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması, 136-sı narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi, 14-ü isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı digər cinayətlərlə əlaqədar olmuşdur.

  2013-cü il ərzində respublikanın hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində narkotik vasitələrlə bağlı 2577 cinayət faktı aşkar olunmuşdur ki, onlardan 677-si narkotik vasitələrin qanunsuz satışı, 1705-i satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması, 171-i narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi, 24-ü isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı digər cinayətlərlə əlaqədar olmuşdur.

    Müxtəlif illər üzrə statistik məlumatların müqayisəli  təhlilindən də göründüyü kimi, 2012-cü ildə 2012-ci ilə nisbətən narkotik vasitələrin qanunsuz satışı ilə bağlı 35 hadisə azalmış, saxlama ilə bağlı 114 hadisə, əkinlə bağlı 35 hadisə, digər cinayətlərlə bağlı isə 10 hadisə çoxalmışdır.

    Belə bir fakt da xüsusilə diqqət çəkir. Belə ki, təkcə 2013-cü ildə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrdən 400 kq. 440,250 qramını (2012-ci ildə 305 kq. 593,055 qr.) marixuana, 69 kq. 163,184 qramını (2012-ci ildə 115 kq. 727,555  qr.) həşiş, 77 kq. 855,577 qramını (2012-ci ildə 65 kq. 250,819 qr.) tiryək, 17 kq. 538,273 qramını (2012-ci ildə 62 kq. 129,043 qr.) heroin və 54 kq 181,813 qramını (2012-ci ildə 36 kq. 744,201qr.) digər vasitələr  təşkil etmişdir.

    Məlumatda bildirilir ki, 2013-cü il ərzində 301 ton 071 kq. 29 qram olmaqla 669,25 ha sahəni əhatə edən 733 min 038 ədəd yaşıl kütlə aşkarlanmış, 2012-ci ildə isə 313 ton 221 kq. 958 qram olmaqla 553,42 ha sahəni əhatə edən 965 min 684 ədəd yaşıl kütlə əldə edilmişdir. Müqayisədən görünür ki, il ərzində əvvəlki ildən 12 ton 160 kq. 929 qram az kütlə olmuşdur.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin kriminoloji xarakteristikasına diqqət yetirsək görərik ki, bu cinayətlər cəmiyyət üçün də yüksək ictimai təhlükə yaradır. 2013-cü ildə aşkar olunmuş ümumi cinayət faktları 9 nəfər şəxs barəsində qaçaqmalçılıq cinayətləri ilə bağlı olmuş, faktlar üzrə çəkisi 43,043 qram (2012-ci ildə 40 kq. 402,7 qr.) müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Bunlardan Rusiya Federasiyasının vətəndaşları olan 5 nəfər şəxsdən 22,529 qram (2012-ci ildə 4 nəfər şəxsdən 7 kq. 188,361 qr.), Gürcüstan Respublikasının vətəndaşları olan 3 nəfər şəxsdən 0,594 qram (2012-ci ildə 11 nəfər şəxsdən 986,264 qr.) İran İslam Respublikasının vətəndaşı olan 1 nəfər şəxsdən 19,92 qram (2012-ci ildə 4 nəfər şəxsdən 32 kq. 226,075 qr.) narkotik tərkibli vasitələr aşkar edilərək götürülmüşdür.

    Statistik məlumatların müqayisəli təhlili göstərir ki, əvvəlki illərlə müqayisədə əcnəbi vətəndaşların sayı 10 nəfər azalmış, onlardan aşkar edilib götürülən narkotik vasitələrin ümumi çəkisi isə 40 kq. 359,657 qram təşkil etmişdir.

    Respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ictimai təhlükəli əməllərin coğrafiyası da maraq doğuran məqamlardandır. Ölkəmizin böyük şəhərlərində törədilmiş bu qəbildən olan cinayətlərin təhlili göstərir ki, 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə Bakı şəhərində 1180, Sumqayıt şəhərində 115, Gəncə şəhərində 88 fakt aşkar edilmişdir ki, bu da 2012-ci illə müqayisədə Bakı şəhəri üzrə 1081, Sumqayıt şəhəri üzrə 102, Gəncə şəhəri üzrə 75 fakt təşkil etmişdir.

    Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin kütləsinə görə statistik məlumatların təhlili isə göstərir ki, qeyd olunan dövrlər ərzində Bakı şəhəri üzrə 202 kq 184 qram, Sumqayıt şəhəri 14 kq. 919 qram, Gəncə şəhəri üzrə 30 kq. 0,34 qram narkotik vasitə aşkar edilərək götürülmüşdür.

    Statistik məlumatlardan göründüyü kimi, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməmişdir.  Ən acınacaqlı və haqlı narahatlıq doğuran isə gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və daimi nəzarətindədir.

   Xalqımızın ümummilli lideri Heydər Əliyev 1996-cı il avqustun 26-da imzaladığı fərmanla narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan etmiş, bununla da, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək  narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyası yaradılmışdır.

    28 iyun 2005-ci ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.  

    Bütün bunlara baxmayaraq, qlobal həyatımızın hazırkı mürəkkəb şəraitində narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün zümrələri, ayrı-ayrı şəxslər fərdi və birgə mübarizə aparmalı, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqe tutmalıdır. Narkomanlıq kimi dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir, qorxuludur. Çünki narkomaniya cinayətkarlığa, zorakılığa və korrupsiyaya rəvac verir, immunçatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, ömürləri yarımçıq bitirir, cəmiyyəti sosial partlayışlara gətirib çıxarır. Bunun üçün də ağ ölüm adlandırılan bu təhlükəli bəlaya qarşı mübarizə hamının, hər kəsin başlıca vəzifəsinə çevrilməli, cəmiyyətin hər bir üzvünün birgə fəaliyyət obyekti olmalıdır.  

 

 

Seyidəli Mejdunov,  

Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili işlər

orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru




Просмотрено: 6186