Narkomanlıq dünyamızı narahat edən problemlərdəndir.

   Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

  Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarırının qanunsuz dövriyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır. Narkomanlığın yayılması və qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə əhali arasında maarifləndirmə işləri gücləndirilmiş, belə xəstəliyə dücar olmuşlar müəyyən edilərək müalicəyə cəlb olunmuş, narkoxəssəli bitkilərin əkilib becərilməsi və yabanı bitənlərin erkən aşkarlanaraq məhv edilməsi sahəsində aidiyyəti orqanlar tədbirlər həyata kecirilir. Narkomaniyanın daha geniş insan kütləsinə öz təsiri altına almaması üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.

  Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyindən 132 kilometrlik dövlət sərhədi nəzarətdən kənarda qaldığı səbəbindən narkotik cinayətkarlığı artmışdır. Ermənilər Azərbaycanın işğal olunmuş ərazisində yetişdirdikləri narkotik maddələri sataraq yüksək qazanc götürür və bunu Azərbaycanın əleyhinə yönəldir, 100 minlərlə gəncin həyatını zəhərləyirlər. Azərbaycanda narkotikaya aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil edir və bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz.

   Bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, kəsərli proqram və layihələrin icrasının, eləcə də belə maarifləndirici tədbirlərin keçirilməsi vacibdir.

  Narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməsi üçün maarifləndirmə işlərinin aparılmasına, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur.
   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Nərimanov rayonunun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən illik iş planına uyğun profilaktik tədbirlər həyata keçirilir. 
  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün Nərimanov rayonunda (012) 496-95-43 nömrəli etimad telefonu fəaliyyət göstərir. Bu barədə rayon ərazisində yerləşən təhsil müəssisələrinə məlumat verilmişdir.

   Nərimanov rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizə sahəsindəki tədbirlərin ildən-ilə təkmilləşməsi və gücləndirilməsi nəticəsi olaraq aşkar edilən cinayət faktlarının sayı, qanunsuz dövriyyədən götürülən narkotik vasitələrin, o cümlədən güclü təsirə malik narkotiklərin çəkisi əhəmiyyətli dərəcədə coxalmış, bir sıra qrupların yaxalanması ilə nəticələnən uğurlu əməliyyatların, eyni zamanda məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsi təmin edilmişdir. Ötən müddət ərzində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 132 fakt aşkar edilmişdir. Məhkəmə hökmləri ilə qanunsuz dövriyyədən çıxarılmış, Nərimanov rayonunda saxlanılan narkotik vasitələr mütəmadi Rayon Komissiyası tərəfindən məhv edilir. 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü”nün qeyd olunmasılə əlaqədar müsadirə edilmiş küllü miqdarda olan narkotiklər Dövlət Komissiyasına göndərilərək məhv edilmişdir. Qanunsuz dövriyyədən 15 kq 626,4 qram çəkidə müxtəlif növ narkotik vasitə çıxarılmışdır. Bunlardan 10kq. 245 qr marixuana, 3 kq. 521,5 qr. həşiş və həşiş qətranı, 1 kq. 442,7 qr. tiryək, 576 qr. heroin olmuşur.

 Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə polis orqanları, təhsil işçiləri Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya üzvləri ilə birgə əlaqəli profilaktik tədbirlər həyata keçirir. Tədbirlərdə məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması, şagirdlərin siqaret çəkməsi, dərsdən yayınmasına və pis vərdişlərəyiyələnməsinə qarşı mövzularda çıxışlar edlmiş və fikir mübadiləsi aparılmışdır.

   Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları rayonun inzibati ərazisində yerləşən orta, orta-ixtisas və ali təhsil müəssisələrində yeniyetmələr və gənclərlə görüşlər keçirmiş, narkotik vasitələrin insan orqanizmi üçün ziyanı barədə onları məlumatlandırmış və bu barədə onlarla qarşılıqlı diskussiyalar aparmışdırlar. Belə ki, Rayon Polis İdarəsinin, Bakı şəhər BPİ-nin əməkdaşları, Rayon İcra Hakimiyyətinin müvafiq Komissiyasının və Veteranlar Şurasının üzvlərinin iştirakı ilə Bakı Biznes və Kooperasiya Kollecində, 177 nömrəli tam orta məktəbdə və 7 nömrəli Bakı Peşə Liseyində “Biz narkomaniyaya yox deyirik” mövzusunda keçirdikləri tədbirdə narkomaniyanın həyat tərzinin kobud surətdə pozulmasını, sosial tənəzzülə, narkotiklərin insan orqanizminə, cəmiyyətimizə, milli genofondumuza vurduğu ziyanı, həmçinin narkotiklərə cəmiyyətdə ümumi bir nifrət hissi yaratmağın vacibliyini qeyd etdilər. Tədbirlərdə iştirak edən müəllim, şagird və tələbələrlə məktəb daxili nizam-intizam, müəllim-şagird münasibətləri, inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli məqsədyönlü ümumi profilaktiki söhbətlər aparılmışdır. XXI-ci əsrdə narkomaniyanın şagirdlər arasında yayılmasının qarşısının alması məqsədilə orta məktəblərdə maarifləndirmə işi gücləndirilmişdir. Bəzi tədbirlər ənənəvi xarakteri almış və mütəmati məktəblərdə keçirilirlər. Rayon ərazisində yerləşən orta məktəblərdə şagirdlər arasında narkomanlığın yayılması, ona olan meyllərin müəyyən edilməsi üçün sosioloji sorğu keçirilir; ayda bir dəfə 9-11 sinif şagirdlərinə sinif saatlarında narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzuların müzakirəsi təşkil olunur; 5-11 sinif şagirdləri arasında “Narkomaniya bəladır” mövzusunda rəsm və plakat müsabiqəsi keçirilir; “Dünyada yaşamağı öyrən” və “Narkotiksiz həyat adlı stendlər təşkil olunur.

   Bəşəri bəla olan narkomanlığın yayılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Müharibə, Əmək, Silahlı Qüvvələr, Hüquq-mühafizə orqanları Veteranlar Şurasının rayon şöbəsi üzvlərinin, Rayon Gənclər İdarəsinin nümayəndələrinin, Hüquq-mühafizə işçilərinin iştirakı ilə 36, 73, 178, 258, 212 nömrəli tam orta məktəblərdə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda seminarlar keçirilmiş, narkomanlığın zərəri təbliğ olunmuş, bu barədə gənclər arasında maarifləndirmə işi aparılmışdır. Narkomaniyaya və taksikomaniyaya qarşı keçirilən profilaktik tədbirlərdə “Ağ Ölüm”ün nə olduğu yeniyetmələrə və gənclərə aşılanır, cəmiyyətimizi bu bəladan qurtarmağa çağırırlar. Dinləyicilərin suallarına hüquq mühafizə orqanlarının əməkdaşları və səhiyyə işçiləri ətraflı cavab verir, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə yeniyetmələr məlumatlandırılır.

   37, 93, 193 saylı məktəblərdə “Narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. “Dünyada yaşamağı öyrən” və “Narkotiksiz həyat” adlı stendlər təşkil olunmuşdur. Məktəblərdə 5-11-ci sinif şagirdləri arasında “Narkomaniya bəladır” mövzusunda rəsm və plakat müsabiqəsi, “AİDS-siz gələcəyə doğru” başlığı altında inşa müsabiqəsi keçirilmişdir.

    Rayon məktəblərinin 9-10-11-ci sinif şagirdlərinə “Qara şəhər” filmi nümayiş etdirilmiş və film ətrafında söhbətlər aparılmışdır. 
Rayonun orta məktəblərində uşaq və gənclərin arasında təlim-tərbiyə işinin gücləndirilməsi və onların düzgün istiqamətləndirilməsi məqsədilə mütəmadi olaraq söhbətlər aparılmış, şagirdlərə narkomanlığın cəmiyyətə və sağlamlığa vurduğu ziyan barədə geniş məlumatlar verilmişdir. Bundan əlavə sinif rəhbərləri təşkilat saatlarında şagirdlər və valideynlər arasında bu mövzunu müzakirə edərək onları təlimatlandırılmışlar. Narkomaniyanın zərərli bir vərdiş olması haqqında şagirdlər arasında maarifləndirmə işi aparılmışdır. Bütün sinif rəhbərlərinə narkomaniyanın yaratdığı fəsadlar haqqında kitabçalar verilmiş, təşkilatı saatlar bu mövzuya həsr edilmişdir. “Narkomaniyaya qarşı mübarizə-günün tələbidir” mövzusunda inşa müsabiqəsi keçirilmişdir. Təkcə şagirdlər yox, həmçinin müəllimlər arasında da bu mövzuyla əlaqədar maarifləndirmə işi aparılmışdır.

  Maarifləndirmə ilə bağlı məktəblilərə müxtəlif braşurlar verilmişdir. Tədbirlərdə məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması, şagirdlərin siqaret çəkməsi, dərsdən yayınmsına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda çıxışlar edilmiş və fikir mübadiləsi aparılmışdır. Bu mövzu ilə bağlı məktəblərdə psixoloqların rəhbərliyi ilə valideyn iclasları keçirilmişdir. Valideynlərlə bu mövzularda söhbətlər aparılmışdır.

   Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən narkomaniyaya və taksikomaniyaya qarşı mütəmadi profilaktik rədbirlər keçirilir. Ötən müddət ərzində gənclərlə 12 profilaktik tədbir keçirilmişdir. Keçirilən tədbir göstəricilərin artması idarənin bu məsələyə daha ciddi yanaşmasını bildirir. 
Hazırda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

İradə Mahmudova,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri




Просмотрено: 1808