Narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirləri hər zaman diqqət mərkəzində saxlanılır.

  Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xususilə aktual xarakter daşıyır. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.

  Yeni Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

  Respublika əhalisi və xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə” qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər paytaxt Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda gündəlik və daimi xarakter daşıyır. 
  Səbail rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasına rayonun hüquq-mühafizə orqanlarının, rayon Gənclər və İdman İdarəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri daxil edilmişlər. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Komissiyada mütəmadi olaraq narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rayonda görülən işlər müzakirə olunur, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ləğv olunması həyata keçirilir, məktəblilər, yeniyetmələr, şagird və tələbələr arasında maarifləndirmə işlərinə xüsusi fikir verilir.

  Komissiyanın təşkilatçılığı ilə rayonun ali və orta məktəblərdə mütəmadi olaraq narkomanlığa, yeniyetmə və gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə kütləvi tədbirlər təşkil olunur. Bu maarifləndirici tədbirlərdə bu gün bütün dünya üçün ən təhlükəli bəlalardan biri olan narkomaniyanın yeniyetmə və gənclər üçün necə təhlükəli və qorxulu bir bəla olduğundan və son illər ərzində Səbail rayonunda narkomaniya ilə bağlı aparılan profilaktiki tədbirlər barədə məlumat verilir, filmlər və roliklər nümayiş etdirilir.

  Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə rayonun orta və ali təhsil ocaqlarında keçirilən tədbirlərdə Səbail rayon İcra Hakimiyyətinin və Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili və Narkotiklərlə Mübarizə Bölmələrinin məsul işçiləri, tibb işçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

  Son bir il ərzində rayonun təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Pedaqoji Universitetinində, Azərbaycan Dövlət İqtisad Universitetinində narkomaniya ilə bağlı elmi-praktiki konfrans və dəyirmi masalar, 26 İyun BMT-nın “Narkotiklərlə Mübarizə günü” ilə bağlı “Səbail rayon gəncləri narkomanlığa yox deyir!” mövzusunda aksiya, Səbail rayon mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında, Badamdar və Bibiheybət qəsəbə Mədəniyyət evlərində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbirlər təşkil olunmuş, rayonun orta məktəblərində “Narkomaniyanın fəsadları”, “Narkomaniya cinayətkarlıq yoludur”, “Narkomaniyaya yox deyək” mövzularında görüş və dəyirmi masalar, rəsm, inşa yazı müsabiqələri və sərgilər, 49, 50, 51, 203, 236 saylı orta məktəblərdə “Siyasi maarifçilik” İctimai Birliyi ilə birgə “Narkomanlığa yox deyək!” mövzusunda silsilə tədbirlər təşkil olunmuşdur.

  Ötən il rayonda narkomaniya ilə mübarəzəyə həsr olunmuş tədbirlərdən ən önəmlisi Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvlərinin, aidiyyəti nazirlik və komitələrin nümayəndələrinin, Səbail rayon Polis İdarəsinin və Məhkəməsinin əməkdaşlarının, həkim-narkoloqların, həmçinin rayonun bütün ali və orta təhsil müəssisələrinin rəhbərlərinin, şagird və tələbələrin, ağsaqqalların və din xadimlərinin, bir sıra Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə oktyabr ayının 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinində təşkil olunmuş “Səbail rayon gəncləri narkotiklərə yox deyir!” mövzusunda böyük tədbir olmuşdur.

  Narkomanlıqla bağlı hüquq pozmalara meyilli olan yetkinlik yaşına çatmayanlar və gənclər rayon Polis İdarəsində qeydiyyata alınaraq idarənin əməkdaşları tərəfindən nəzarətdə saxlanılırlar. Onlarla müvafiq işlərin aparılması, onların maarifləndirilməsi üçün hüquq-mühafizə orqanları, yerli bələdiyyələr, təhsil işçiləri və RİH-də fəalyyət göstərən müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi üçün müvafiq tədbirlər görülür.

  Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən 2014-cü il ərzində həyata keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 78-dən 93-ədək artmışdır. Aşkar edilmiş faktlardan 22-i satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olmuşdur.

  Aşkar edilmiş faktlar üzrə cəmi 9 kq 766 qram narkotik maddə götürülərək qanunsuz dövriyyədən çıxarılmış, keçən illə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi miqdarı 3 kq 352 qram artmışdır.
  Aşkar olunmuş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələr məhkəmə hökmlərindən sonra Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayonun hüquq mühafizə orqanlarının nümayəndələrindən ibarət xüsusi komissiya tərəfindən müntəzəm olaraq məhv edilmişdir.

  Narkomaniyaya qarşı aparılan işlərin əsas istiqamətlərindən birinin yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə edilməsi olduğundan həyata keçirilən təbliğati işlərlə yanaşı rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması istiqamətindəki işlərə ciddi fikir verilir. Hərbi-vətənpərvərlik, idman, turizm yarışları, intellektual oyunlar və bilik yarışmaları və s. çoxsaylı maraqlı tədbirlər təşkil olunur. Belə ki, artıq bir neçə ildir ki, 2 Fevral - Gənclər günü ilə bağlı 3000 nəfərə yaxın gəncin iştirakı ilə şəhərimizin ən yaraşıqlı məkanlarından olan Bakı Cristall-Xoll Konsert Kompleksində möhtəşəm ədəbi-bədii bayram tədbirləri, hər il 5 Mart Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə geniş tədbirlər, rayon məktəblilərinin Spartakiadası, “Şahin” və “Cəsurlar” hərbi-idman oyunlarının rayon mərhələsi, Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş idman yarışları, “Biz idmanı sevirik” mövzusunda aksiya və s. keçirilmiş, bu yarışlara daha çox yeniyetmə və gəncin cəlb olunması təmin edilmişdir.

  Məktəblilərin asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlərdə 3000-dən çox uşaq və yeniyetmə iştirak etmiş, il ərzində Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki “Sinema Klub”da 2500 uşağın pulsuz 3 D formatda uşaq filmlərinə baxışı təşkil olunmuşdur. 
  Tətillər zamanı, xüsusilə də yay aylarında yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, sağlam həyat tərzinin təbliği ilə bağlı idman və digər yarış və tədbirlərin keçirilməsinə xüsusi fikir verilir. Bununla əlaqədar Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü və DİN Daxili Qoşunlar Komandanlığı ilə birgə layihəsi əsasında Quba rayonunda hər il 250 nəfər uşaq üçün son 9 il ərzində keçirilmiş hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsi xüsusi əhəmiyyət kəsb edir.

  Avqust ayında ilk dəfə olaraq Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri - ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı “N” saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü “Gənc Heydərçilər” yay istirahət düşərgəsi yaradılmışdır. Bu gənclərin sağlam böyüməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ilk birgə layihəsi olmuşdur.

  Noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayon orta məktəblərinin 90 nəfər yuxarı sinif şagirdi rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın cənub bölgəsində səfərə yollanmışlar. Səbailli məktəblilər Lənkəran, Masallı və Lerik rayonlarında qədim tariximiz, bölgələrdə olan maddi-mədəniyyət abidələrimiz, adət-ənənələrimizlə yaxından tanış olmuş, səfər məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır.

  Böyüməkdə olan gənc nəslin vətənə məhəbbət, Azərbaycan Dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması və layiqli vətəndaş kimi yetişdirilməsi istiqamətindəki işlər hər zaman Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş, bu işlərə qayğı xeyli artırılmışdır. 
  28 may - Respublika günü ərəfəsində Səbail rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının, rayon ictimaiyyəti, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir. Qonaqlar hərbi hissə ilə tanış olub, onlara Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə məlumat verilib.

  Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi məqsədilə may ayının 29-da RİH tərəfindən rayon məktəblilərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyaları təşkil olunmuşdur.
  Azərbaycan xalqının Milli Qurtuluş günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, orta təhsil müəssisələrinin şagirdləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Cəmşid Naxçıvanski adına hərbi liseydə tədbir keçirilmişdir.

  Noyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu”na ilk qoşulanlardan biri məhz Səbail rayonu olmuşdur. Aksiya çərçivəsində rayonda keçirilən ağacəkmə kompaniyaları zamanı 5 minə yaxın yeni ağac və 1000 ədəd gül kolu əkilmiş, 3500 kvadrat metr sahəyə qazon otu döşənmiş əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.

  Novruz bayramı, Silahlı Qüvvələr günü və Dövlət Bayrağı günü ərəfəsində ənənəvi olaraq rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Müdafiə Nazirliyinin Tərtər rayonunda Səbail rayonunun hamilik etdiyi “N” saylı hərbi hissəsində xidmət edən əsgərlərin görüşünə getmişlər. Onlara Səbail rayon İcra Hakimiyyətinin və rayon məktəblərinin sovqatları çatdırılmış, xidmətdə fərqlənən əsgər və zabitlər qiymətli hədiyyələrlə mükafatlandırılmış, populyar incəsənət xadimlərinin iştirakı ilə konsert təşkil olunmuşdur.

  RİH tərəfindən rayonun Mədəniyyət evlərində və uşaq yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən müxtəlif dərnəklərin, idman bölmələrinin işi diqqət mərkəzində saxlanılır. Ötən il Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanası əsaslı təmir olunmuş, burada uşaq və gənclərin təhsili və məşğuliyyətləri üçün bütün şərait yaradılmışdır.

  Hazırda rayon ərazisində Su idmanı sarayının, Müasir Avropa Məktəbinin tikintisi, Neftçilər prospektində İdman oyunları sarayının əsaslı təmiri davam etdirilir. Şıx sahəsində, “Dostluq parkı” ərazisindəki dağın döşündə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən yeni velopark yaradılmışdır.

  Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir, bu işlər çərçivəsində Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçid inşa olunmuş, yolun mərkəz hissəsi qurulmuş və burada gözəl istirahət parkı salınmışdır.

  Son illər ərzində RİH tərəfindən Badamdar qəsəbəsində 2 istirahət bağı və 2 istirahət güşəsi, 17 “Abad həyət” salınmış, Heydər Əliyev parkında əsaslı təmir-yenidənqurma işləri aparılmışdır. Yeniyetmələrlə keçirilən idman və digər tədbirlərin rayonun orta məktəblərin idman qurğularında, əsaslı təmir olunmuş həyətlərdə yaradılmış mini futbol və voleybol meydançalarında, istirahət guşələrində keçirilməsi təşkil olunur.

  Badamdar qəsəbəsində RİH tərəfindən yeni İdman Kompleksinin tikintisi işləri artıq başa çatmışdır və gələcəkdə bu kompleks gənclərimizin idmana cəlb olunması və sağlam böyüməsində böyük rol oynayacaqdır. 
  Ümumilikdə gəncləri və yetkinlik yaşına çatmayanları narkotik vasitələrindən istifadədən və digər neqativ hallara yol verməkdən çəkindirmək və cinayət yoluna düşməkdən qorumaq məqsədi ilə Səbail rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın səyləri nəticəsində rayonun hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin, rayon gənclər və İdman İdarəsinin əlaqəli işi təmin olunur, onlar arasında tərbiyə və izahetmə işlərinə ictimaiyyət nümayəndələrinin cəlb olunmasına xüsusi fikir verilir.

  Keçirilən tədbirlər barədə materiallar kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır, Komissiyanın fəaliyyəti və həyata keçirdiyi işlər hər il RİH Başçısı yanında Şuranın yığıncağında müzakirə olunur.

 

İsrafil Kərimov
Səbail rayon İcra Hakimiyyəti
Başçısı Aparatı İnformasiya təminatı
və təhlil sektorunun müdiri




Просмотрено: 15525