Narkomaniya bəşəriyyətin bəlasıdır.

  Narkotik insanın iradəsini iflic edir. Dünya ictimaiyyətinin səylərinə baxmayaraq hələ də narkomaniya bəlası ilə mübarizə aparmaq üçün səmərəli yollar aşkar etmək və narkomanların sayının azaldılması mümkün olmamışdır.

  Narkomanların böyük əksəriyyəti yeniyetmələrdir. Narkomaniya xəstəliyinə düçar olanlar narkotik vasitələri əldə etmək üçün bir çox hallarda cinayət törətmək məcburiyyətində qalırlar. Narkotik vasitələrdən asılılıq bir çox virus xəstəliklərinin, o cümlədən hepatit “C” və QİÇS-in yayılmasına da gətirib çıxarır.

  Bu gün, narkomaniya beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələlərdən biridir. Bu dəhşətli xəstəliyin nəticələri qlobal fəlakətə gətirib çıxara bilər. Bəşəriyyəti düşündürən bu bəla ilə mübarizə sahəsində Azərbaycan Respublikasında da bir çox məqsədyönlü işlər aparılır. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilmiş, ölkəmiz narkotik vasitələr və psixotrop maddələrə nəzarət sahəsində BMT-nin konvensiyalarına, “Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Parsial Saziş”ə və bir sıra digər beynəlxalq sənədlərə qoşulmuş, həmsərhəd və digər dövlətlərlə, habelə beynəlxalq təşkilatlarla daim inkişaf edən əlaqələr qurmuşdur, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı ilə 2000-2006-cı illər üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram” təsdiq edilmiş və həyata keçirilmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən də bir çox işlər görülmüşdür.

  Belə ki, 2014-cü il ərzində Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində, o cümlədən narkomanlığın yayılmasının qarşısının alınmasına və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair Gəncə Şəhər Baş Polis İdarəsi, Gənclər və İdman Baş İdarəsi, Səhiyyə və Təhsil idarələrinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qəlb Bölgəsi üzrə Regional Şöbəsinin xətti ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı ətraflı müzakirələr aparılmış, bir sıra məqsədyönlü işlər görülmüşdür.

  Gəncə şəhərində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aparılması məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə diqqət artırılmış, yeniyetmə və gənclərin ən çox cəlb olunduqları yerlərdə, xüsusən də şəhərin təhsil müəssisələrində profilaktiki tədbirlər gücləndirilmiş, gənclərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif mədəni-kütləvi, əyləncəli proqramlar, idman oyunları təşkil edilmiş, eləcə də Heydər Əliyev adına meydanda, Gəncə Olimpiya İdman Kompleksində, “Xan bağı” mədəniyyət və istirahət parkında, müxtəlif təhsil ocaqlarında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin, Gəncə Şəhər Baş Polis İdarəsinin, Təhsil və Səhiyyə İdarələrinin, Gənclər və İdman Baş İdarəsinin nümayəndələrinin iştirakı ilə sağlam həyat tərzi, narkomaniyanın profilaktikası haqqında çıxışlar edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

  Məlum proqramdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qəlb Bölgəsi üzrə Regional Şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə qərb bölgəsində bu sosial bəlanın kifayət qədər qarşısının alınması, eyni zamanda narkotiklərin külli miqdarda respublikamızın ərazisindən tranzit kimi istifadə etməklə digər ölkələrə daşınması ilə məşğul olan cinayətkar şəxsləri müəyyənləşdirmək, onların cinayətkar əməllərini ifşa etmək və fəaliyyət marşrutlarının qarşısını almaq üçün şöbənin xidmət etdiyi ərazinin hüquq-mühavizə orqanları, gömrük xidməti, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbələri, dövlət sərhəd xidməti, vergi xidməti və digər dövlət və ictimai təşkilatların imkanlarından səmərəli istifadə edir. Regional şöbə əməliyyat mövqelərinin gücləndirilməsi məqsədilə bu qurumlarla mütəmadi informasiya mübadiləsi aparmış, işgüzar əlaqələri genişləndirmiş, narkotiklərlə cinayət əməlləri profilaktikasını və onlarla mübarizənin gücləndirilməsi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir.

  Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən sağlam həyat tərzinə mənfi təsir göstərən, eləcə də bir sıra təhlükəli və faciəli hadisələrin baş verməsinə şərait yaradan bu amillərin qarşısının alınması istiqamətində bundan sonra da ardıcıl olaraq profilaktiki tədbirlərin aparılmasına diqqət artırılacaqdır.

Sahil İsmayılov,
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın üzvü

 




Просмотрено: 4600