Bəşəriyyətin “ağ bəlası”na qarşı ciddi mübarizə tədbirləri görülür.

  Müasir dünyanın qlobal problemlərindən bir kimi narkotik maddələrin yayılması və istifadəsi bütün dünyanı narahat edən məsələlərdəndir. Beynəlxalq təşkilatlarda bu problemin aradan qaldırılması sahəsində böyük layihələr və proqramlar hazırlanıb həyata keçirilir. Bununla yanaşı, ayrı-ayrı dövlətlər də daxili imkanları hesabına narkotik və digər psixotrop maddələrin istifadəsinin qarşısının alınması sahəsində mübarizəni genişləndirirlər.

  Azərbaycan Respublikasında da son illərdə bu istiqamətdə xeyli işlər görülmüş, bəşəriyyətin “ağ bəlası”na qarşı ciddi mübarizə tədbirləri həyata keçirilmişdir. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra bu yöndə daha uğurlu fəaliyyət göstərilmişdir. Xüsusilə qanunvericilik bazasnın yaradılması yüksək səviyyədə təmin edilmişdir.

  Bir sıra qanunlar və Azərbaycan Prezidentinin fərman və sərəncamları bu istiqamətdə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının işlərində ciddi dönüş yaratmışdır. Bu baxımdan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 24 iyun 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilməsindən sonrakı dövrdə görülən işləri xüsusi qeyd etmək lazımdır.

  Dövlət Proqramından və Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi barədə qəzetimizə məlumat verən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin bildirdiyinə görə, bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir. Nazirlik respublikanın bütün ərazilərində narkotik vasitələrin yaylmasının qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. F. Əliyevin verdiyi məlumata görə, son dövrlərdə bu tipli əməllərin aşkarlanmasında nazirlik əməkdaşlarının mühüm xidmətləri olmuşdur. Belə ki, Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində 0, 2703 hektar sahədə 1391 ədəd qulluq edilmiş çətənə kolu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilmiş və bu kollar Balakən rayon Polis Şöbəsi ilə birlikdə məhv edilmişdir. 2015-ci ilin ilk rübündə Şahdağ Milli Parkında keçirilən reyd zamanı parkın ərazisində narkotik tərkibli kollar aşkarlanmış və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilmişdir.

  Nazirlik bu sahədə fəaliyyətini daha da təkmilləşdirməklə müvafiq Dövlət Proqramının həyata keçirilməsinə öz töhfəsini verməkdədir.

Taleh Turqut, “İki sahil”




Просмотрено: 1011