Şəkidə narkomaniyaya qarşı mübarizə uğurla davam etdirilir

Şəki Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası cari ilin birinci yarısında Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, həmçinin dövlətimizin başçısının 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək, rayonun ərazisində olan müxtəlif dövlət və ictimai təşkilatların narkomanlığa qarşı mübarizədə səylərini əlaqələndirmək, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində təhsil, səhiyyə, kənd təsərrüfatı, polis və digər təşkilatların fəaliyyətinə ciddi nəzarət etmək sahəsində öz fəaliyyətini tərtib edilmiş fəaliyyət planına uyğun olaraq davam etdirmişdir.

Şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tələbələr qarşısında “Narkomaniyaya qarşı mübarizə” mövzularında mühazirələr keçirilmişdir. Şəki Dövlət Texniki Kollecində narkomaniyanın törətdiyi fəsadlar, siqaretin insan sağlamlığına vurduğu ziyanlar barədə gənc tələbələrə daim dəyərli tövsiyələr verilir. Tələbələrlə vaxtaşırı bu mövzularda maarifləndirmə işləri aparılır.

Şəki Musiqi Kollecində mühüm dövlət sənədlərinin icrası ilə bağlı şəhərin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tələbələr qarşısında narkomaniyaya qarşı mübarizəyə dair tədbirlər keçirilmişdir. Bu il martın 18-də və aprelin 2-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev və rayon prokuroru Elmar Camalov və Şəki Musiqi Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Yaşar Səlimov tələbələr qarşısında mövzu ətrafında çıxışlar etmişlər. Müzakirələr zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Şəki Tibb Kollecində də 2015-ci ilin 6 ayı ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Narkotik maddələrin insan orqanizminə təsiri, onun fəsadlarına dair tələbə gənclər təşkilatı ilə aprel ayında nəzəri konfrans keçirilmişdir. Konfransda şəhərimizin digər orta ixtisas təhsil müəssisələrində tələbə gənclər arasında zərərli vərdişlərin yaranmasına səbəb olan amillər, narkotik maddələrin yayılması yollarına dair fikir mübadiləsi aparılmış, mühazirə dinlənilmişdir.

Şəki şəhərindəki 1 saylı peşə məktəbində də 6 ay ərzində bir çox işlər görülmüşdür. Burada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya yaradılmışdır. Məktəbdə narkomanlığa qarşı mübarizəyə dair söhbətlər, məruzələr dinlənilmişdir.

Ümumilikdə 2015-ci ilin 6 ayı ərzində şəhərin orta məktəblərində narkomaniyaya qarşı mübarizəyə dair görüşlər keçirilmişdir.

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında təhsil alan tələbə, gənclər arasında 2013-2018-ci illərdə narkomanlığa qarşı profilaktik maarifləndirici tədbirlərin keçirilməsi, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə hallarının olub-olmamasının müəyyənləşdirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına zərərli olması və ciddi sosial problemlər doğurması barədə təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulmuşdur. Filialda aparılmış müşahidələr göstərmişdir ki, tələbələr arasında belə zərərli vərdişlərə qurşanmış şəxslər olmasa da, siqaret çəkən tələbələr vardır. Belə tələbələr arasında müntəzəm təbliğat işləri aparılır. Tədris korpusları, bufet və yeməkxana daxilində siqaret çəkmə hallarının qarşısı qətiyyətlə alınmışdır. Bununla əlaqədar xəbərdaredici lövhələr vurulmuşdur. Filialda Şəki şəhər hüquq mühafizə, səhiyyə orqanları və şəhər Gənclər və idman idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşlərdə, debat və müzakirələrdə bu məsələlərlə əlaqədar fikir mübadiləsi aparılır, davamlı insan inkişafına əngəl olan narkotikadan istifadənin törətdiyi sosial bəlalar, onların insan orqanizminə məhvedici təsiri tələbələrin diqqətinə çatdırılır və bu məqsədlə videoçarxlar nümayiş etdirilir. Tələbələrdə antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə tədris olunan fənlərin imkanlarından geniş istifadə olunur.

Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsi də Dövlət Proqramının icrası ilə əlaqədar olaraq rayonun mədəni-maarif müəssisələrində vaxtaşırı olaraq narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirlər keçirmişdir. Həmin tədbirlərdə həkimlər, hüquq mühafizə orqanlarının əməkdaşları uşaqlar, yeniyetmələr və gənclər qarşısında məruzə və mühazirələrlə çıxış etmişlər. Bununla əlaqədar 22 may 2015-ci il tarixdə R.Əfəndiyev adına tarix diyarşünaslıq muzeyində şəhərdə fəaliyyət göstərən muzeylərdə çalışan işçilərin iştirakı ilə “Bəşəriyyətin gələcəyi təhlükə qarşısında” və “Narkomaniya haqqında ümumi məlumat və onunla mübarizə” mövzularında mühazirə keçirilmişdir. Tədbirdə, həmçinin Şəki Mərkəzi Rayon Xəstəxanasının narkoloji şöbəsinin əməkdaşları da iştirak etmişlər. Tibb işçiləri narkomaniyaya qarşı mübarizə metodları, gəncləri və yeniyetmələri bu bəladan necə qorumaq haqqında geniş məlumat vermişlər və tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Bu il iyunun 18-də “Nakam” adına Mərkəzi kitabxanada “Narkomaniya və onu doğuran fəsadlar” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbirdə müxtəlif yaş qrupundan olan oxucular, ictimaiyyətin nümayəndələri, mədəniyyət işçiləri və sair iştirak etmişlər. Mərkəzi kitabxananın resurs şöbəsinin hazırladığı videomaterialda narkomaniya fəlakətlərinin canlı şahidlərinin dilindən bir necə epizodlar izlənilmiş, tədbir iştirakçılarının sualları mütəxəssislər tərəfindən cavablandırılmışdır. Sonra “Narkomaniya bəşəri bəladır” adlı sərgiyə baxış keçirilmişdir. İyunun 23-də isə S.Vurğun adına folklor evində “Narkomaniya böyük bəladır” mövzusunda mühazirə keçirilmişdir. Tədbirə dəvət olunmuş mühazirəçi həkimlər narkomaniyanın həm insan orqanizminə, eləcə də cəmiyyətə, ailələrə verdiyi zərərlərdən söhbət açmış və onun zərərləri, habelə gənclərdə narkomaniyaya meyillərin qarşısının necə alınması yollarından danışmışlar. Tədbirin gedişi zamanı iştirakçılar onları maraqlandıran suallarla mühazirəçilərə müraciət etmiş və suallarına ətraflı cavablar almışlar.

Mərkəzi Rayon Xəstəxanasının Narkoloji şöbəsi tərəfindən 2015-ci ilin 6 ayı ərzində 44964 nəfər əhali narkoloji muayinədən keçirilmişdir. Şöbə tərəfindən, həmçinin 4266 nəfər şəxs profilaktik gəlişlər daxil olmaqla müayinədən keçirilmişdir ki, bunlardan 1291 nəfəri sırf narkoloji xəstələr olmuşdur.

2015-ci ilin 6 ayı ərzində Şəki Mərkəzi Rayon Xəstəxanasının narkoloji şöbəsində insan psixikasına təsir göstərən maddələrin qəbulu ilə əlaqəli 4 xəstə ilk dəfə olaraq stasionar müalicə almışdır. İnsan psixikasına təsir göstərən maddələrin qəbulu ilə əlaqəli 77 narkoloji xəstə ambulator müalicə almışdır. Onlardan 7 nəfəri narkomaniya diaqnozlu xəstə qismində stasionar müalicə almaq üçün Bakı şəhərinə göndərilmişdir.

İnsan psixikasına təsir göstərən maddələrin qəbulu ilə əlaqəli sərxoşluq hallarının aşkar edilməsi üçün bu günə qədər narkoloji şöbədə 652 ekspertiza aparılmışdır.
Şəki Rayon Təhsil Şöbəsi tərəfindən 2015-ci ilin fevral - aprel aylarında rayonun Cəfərabad, Aşağı Küngüt, Şin, Şorsu, Daşüz, Cumakənd, Çələbixan, Çeşməli, Qudula kənd tam orta məktəblərinin IX - XI sinif şagirdləri arasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin hazırladığı cədvəl əsasında “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirici söhbətlər aparılmışdır.

Maarifləndirici söhbətlər pedaqoji kollektivlər tərəfindən müsbət qarşılanmış və bu cür tədbirlərin azyaşlı və yeniyetmələrin milli və vətənpərvərlik ruhunda tərbiyələndirilməsində, onların sağlam ruhda böyüməsində əhəmiyyətli olduğu məktəb rəhbərlərinin diqqətinə çatdırılmış, bu cür söhbətlərin fasiləsiz aparılması müəllimlərə, sinif rəhbərinə tövsiyə edilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində (xüsusilə sosial şəbəkələrdə) təbliğatın aparılması istiqamətdə müvafiq işlər görülür.

Həsən Həsənov,
Şəki Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri




Просмотрено: 1048