Ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra qanun və Dövlət Proqramları qəbul olunmuş və uğurla həyata keçirilmişdir.
Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən hüquq mühafizə orqanları və digər aidiyyəti idarə, müəssisə və təşkilatlarla birgə müəyyən işlər görülmüşdür.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının 27.02.2015-ci il tarixli sərəncamı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının 2015-ci il üçün Tədbirlər Planı təsdiq edilmişdir.
Şirvan Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, bu sahədə müşahidə olunan ümumi tendensiyalar, narahatlıq doğuran məqamlar, dövlət orqanlarının gündəlik fəaliyyətində meydana çıxan problemlərin xarakteri (təşkilati, nəzəri, praktik və s.), onların aradan qaldırılması və müvafiq orqanın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə görülən və təklif olunan tədbirlər, xarici dövlətlərdə tətbiq olunan qabaqcıl üsullar və narkomanlığa qarşı mübarizə ilə əlaqədar digər məsələlər üzrə aidiyyəti qurumlarla müzakirələr aparılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şəhər Komissiyası Təhsil şöbəsi, Gənclər və idman idarəsi və digər aidiyyəti qurumlarla birgə yeniyetmə və gənclər arasında narkomanlığın törətdiyi ağır fəsadlar barədə maarifləndirmə işinin aparılması məqsədilə ümumtəhsil, texniki peşə və orta təhsil müəssisələrində “Şirvan gəncləri narkomaniyaya “yox” deyir” devizi altında silsilə tədbirlər həyata keçirmiş, elmi-praktiki konfranslar təşkil etmişdir.
Şəhərin ümumtəhsil məktəblərinin hamısında “Hamılıqla narkomaniyaya yox deyək!”, “Narkomaniya əsrin bəlasıdır”, “Narkotiksiz gələcək”, “Sabahkı gələcəyimizi narkotik vasitələrdən qoruyaq” mövzularında elmi-praktiki konfranslar, dəyirmi masalar və disputlar keçirilmişdir. Keçirilən tədbirlərdə komissiya üzvləri, məktəbin pedaqoji kollektivləri, Polis şöbəsinin əməkdaşları, bələdiyyə üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Narkoloji dispanserin həkimləri iştirak etmişlər.
Yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilasıdır”, “Sağlam həyat tərzini seç” əyani vəsait olan kişik həcmli bukletlər şəhərin ümumtəhsil məktəblərinin, Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Şirvan Peşə Liseyinin tələbələri arasında yayılmış, narkomaniyanın zərərləri mövzusunda diskussiyalar, interaktiv təlim metodlarının öyrənilməsi ilə bağlı seminar-treninqlər keçirilmişdir.
Yeniyetmə və gənclərin narkotiklərdən istifadə etmələrinin qarşısının alınması və onlara sağlam həyat tərzinin aşılanması məqsədilə şəhər 18 saylı orta məktəbinin akt zalında “Yeniyetmə və gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası” mövzusunda seminar keçirilmişdir.
Məktəblərdə keçirilən vaxtaşırı profilaktik tədbirlərin nəticəsidir ki, şəhərimizdə məktəbli gənclər arasında narkotik maddələrdən istifadə halları müşahidə olunmamış və şəhər hüquq mühafizə orqanlarında qeydiyyatda olan məktəbli gənclər yoxdur.
Keçirilən tədbirlər haqqında mütəmadi olaraq yerli “İşıq” qəzetində “Narkomaniyaya “yox” deyək!” başlıqlı materiallar verilmiş, mövzuların mətbuatda işıqlandırılmasında ümumtəhsil məktəblərin şagirdləri fəal iştirak etmişlər.
2015-ci ilin 6 ayı ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 30 cinayət faktı aşkar edilmiş, bunlardan 7 satış, saxlama ilə bağlı 22 fakt, əkin ilə bağlı 1 fakt aşkar edilmiş, qanunsuz dövriyyədən 2 kq 649,991 qram müxtəlif növ narkotik vasitələr götürülmüş, onlardan 5,218 qr.- heroin, 1,603 qr. - tiryək, 2 kq 608,73 qr. - marixuana, 34,34 qr. - həşiş qətranı olmuşdur.
Aşkar olunmuş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələr məhkəmə hökmlərindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına və Dövlət Komissiyasının 2012-ci il 09 yanvar tarixli 01 nömrəli Sərəncamının 9.2-ci bəndinin tələblərinə uyğun olaraq İcra Hakimiyyəti, hüquq mühafizə, səhiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə” Komissiya tərəfindən müntəzəm olaraq müvafiq qaydada məhv edilmişdir.
Bilavasitə narkomaniyaya qarşı mübarizənin müxtəlif sahələrində əməkdaşların birlik və səriştəsini artırmaq, qabaqcıl beynəlxaq təcrübəyə yiyələnmək üçün idarə və təşkilatların nümayəndələri, polis, prokurorluq, kömrük və daxili qoşunların şəxsi heyəti ilə seminar məşğələləri keçirilmişdir.
Dövlət Proqramının icrası ilə əlaqədar Tədbirlər Planına əsasən 15.05.2015-ci il tarixdə Şirvan şəhər 18 nömrəli tam orta məktəbin akt zalında “Hamılıqla narkomaniyaya “yox” deyək!” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, şəhər Komissiyasının üzvləri, şəhər Polis şöbəsinin əməkdaşları, həkim-narkoloq mövzu ilə bağlı məruzələrlə çıxış etmişlər. Bu tədbirdə 300 nəfərə yaxın yeniyetmə və gənclər, ictimaiyyətin müxtəlif yaş qrupundan olan şəxslər (ağsaqqallar, din xadimləri və s.), QHT və KİV nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçılarına əyani vasitə olan bukletlər paylanılmışdır.
Bu istiqamətdə tədbirlərin davamı olaraq şəhər Komissiyasının və şəhər Gənclər və idman idarəsinin təşkilatçılığı, hüquq mühafizə orqanlarının, QHT-lərin nümayəndələrinin iştirakı ilə 24.06.2015-ci il tarixdə 26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilmiş, narkomaniyanın cəmiyyətə mənfi təsiri, törətdiyi fəsadlar, dünyanın ən böyük bəlası olan narkomanlığa qarşı aparılan mübarizə barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomanlığa qarşı mübarizədə əldə edilmiş müvəffəqiyyətlərlə yanaşı, hazırda mövcud olan nöqsanların qətiyyətlə aradan qaldırılması üçün şəhərin hüquq mühafizə orqanları, gənclər və idman, təhsil müəssisələrinin və ictimaiyyətin gücündən səmərəli istifadə etməklə bu işi tələb olunan lazımi səviyyəyə çatdırmağa səy göstərərək, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində öz işini daha da gücləndirəcəkdir.
Samid Abıyev,
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının I müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri