Narkomaniya bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir.

  Respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq kimi qlobal problemin həlli sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi bir sıra proqramlar və həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 2009-cu il tarixli Qanunu ilə bağlı Hacıqabul Rayon İcra Hakimiyyətində yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasına rayonun hüquq mühafizə orqanlarının, Gənclər və idman idarəsinin, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin nümayəndələri daxil edilmişlər.

  Komissiya aidiyyəti dövlət orqanları ilə birlikdə narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərin təhlili məqsədilə “dəyirmi masa”lar keçirmiş, rayon Təhsil söbəsi, Gənclər və idman idarəsi ilə birgə narkomanlığın profilaktikası istiqamətində işin daha da gücləndirilməsi üçün Tədbirlər Planı hazırlayaraq təsdiq etmişdir.

  2015-ci ilin 11 ayı ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı 43 cinayət faktı qeydə alınmışdır. Bunlardan 7 fakt narkotik vasitələrin qanunsuz satışı, 35 fakt narkotik vasitələrin qanunsuz saxlanması, 1 fakt narkotik vasitələrin kultivasiyası ilə bağlı olmuşdur. Ümumilikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3149.173 qram narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılmışdır. Bunlardan 2.334 qram çəkidə narkotik vasitə olan heroin, 66.679 qram çəkidə narkotik vasitə olan tiryək, 3080.16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 160.0 qram çəkidə kultivasiya edilmiş yaş çətənə kolları aşkar olunaraq götürülmüşdür.

  “Xaş-xaş 2015” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərinin keçirilməsinə dair” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 13.04.2015-ci il tarixli 07 nömrəli əmrin tələblərini rəhbər tutaraq, 01.05.2015-ci il tarixdə əməliyyat Tədbirlər planı tərtib edilmiş, şöbə rəisinin 07.05.2015-ci il tarixli 113 nömrəli əmri ilə işçi qrupları yaradılmışdır. Əmrin icrası ilə əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısına, inzibati ərazi dairəsinin nümayəndələrinə və bütün bələdiyyə sədrlərinə məktublar göndərilmişdir.

  Müqayisə üçün bildirək ki, 2014-cü ilin noyabr ayının 14-dək 41 cinayət faktı qeydə alınmışdır ki, bunlardan 8 fakt satış , 31 fakt saxlama, 2 fakt isə qanunsuz kultivasiya olmuşdur. 2014-cü ilin noyabr ayının 14-dək ümumilikdə 1410.665 qr narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılmışdır. Bunlardan 9.197 qr heroin, 17.1 qr narkotik vasitə olan tiryək , 1383.317 qr. narkotik vasitə olan marixuana, 1.051 qr çəkidə psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Bu da onu göstərir ki, 2015-ci il noyabr ayının 14-dək ümumilikdə dövriyyədən çıxarılan 1730.508 qr çəkidə narkotik vasitələr , 2014-cü ilin noyabr ayının 14-dək dövriyyədən çıxarılan narkotik vasitələrdən çox olmuşdur.

  “Xaş-xaş 2015” şərti adlı kompleks tədbirlərin həyata keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri nəticəsində 01.06.2015-ci il tarixdə rayonun Qubalı Balaoğlan kəndində yaşayan Məmmədov Novruz Mirzə oğlunun həyətyanı sahəsindən xüsusi qaydada kultivasiya edilmiş 9 ədəd, ümumi çəkisi 160.0 qram narkotik vasitə olan yaş çətənə kolları aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, 23.06.2015-ci il tarixdə həmin kəndin ərazisindən çöl sahəsindən hündürlüyü 70,80 santimetr 485 ədəd, ümumi çəkisi 670 kq olan yabanı halda bitmiş, yaş halda çətənə kolları aşkar edilərək yığılıb yandırılmışdır.

  Hacıqabul rayonu ərazisində narkotik bitkilərin kultivasiya olunmasının və yabanı halda bitməsinin qarşısını almaq məqsədilə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. 
Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasında, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunub məsuliyyətə cəlb olunması sahəsində nöqsan və çatışmazlıqlar var. Belə ki, 2015-ci ilin noyabr ayının 14-dək güclü təsiredici narkotik vasitələrin külli miqdarda dövriyyədən çıxarılmasında, tranzit daşıma faktının aşkar olunması sahəsində müəyyən geriləmələr olmuşdur.

  Hacıqabul rayon Təhsil şöbəsinin xətti ilə 2015-ci ildə rayonun təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə sahəsində bir çox işlər görülmüşdür. Rayonun ümumtəhsil məktəblərində şagirdlərin tərbiyə işinə nəzarət rayon Təhsil şöbəsinin əsas fəaliyyət sahələrindən biridir. Hər il məktəblərin, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və sinif rəhbərlərinin fəaliyyət planlarında narkomaniyaya qarşı mübarizə ilə bağlı ayrıca bölmələr əksini tapmışdır.

  2015-ci ildə rayonun ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında narkomaniya ilə bağlı inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin pedaqoji şura iclaslarında, valideyn və sinif iclaslarında narkomaniyaya qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilmiş, V-XI siniflərinin sinif saatlarında sinif rəhbərləri tərəfindən bu mövzuda söhbətlər aparılmışdır. “Narkomaniya və onunla mübarizə”, “Zərərli vərdişlərə qarşı mübarizə hamımızın borcudur”, “QİÇS-dən və narkomaniyadan qorun!”, “Narkomaniya - ağ ölüm” mövzularında “dəyirmi masa”lar, treninqlər keçirilmiş və şagirdlər bu istiqamətdə bir daha maarifləndirilmişdir. Hacıqabul şəhərindəki 1, 2, 4 saylı tam orta məktəblərdə “Narkomaniyaya qarşı mübarizə”, 3, 6, 7 saylı tam orta məktəblərdə “Narkomaniya əsrin bəlasıdır”, şəhər 5, 8, 9 saylı tam orta məktəblərdə “Narkomaniyaya “Yox” deyək”, eləcə də rayonun Qarasu kənd, Muğan, Padar, Pirsaat qəsəbə, Rəncbər və Atbulaq və digər kənd məktəblərində “Narkomaniyaya qarşı mübarizə” adı altında “dəyirmi masa”lar keçirilmişdir.

  Məktəb rəhbərləri və sinif rəhbərləri tərəfindən narkomaniyaya meyilli ailələrdən olan şagirdlərin siyahısı tərtib olunmuş, onlarla müntəzəm söhbətlər aparılmış və qabaqcıl şagirdlərdən ibarət nəzarət qrupları yaradılmışdır. Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Narkomaniyaya “Yox” deyək” devizi altında rəsm müsabiqəsi və “Narkomaniya gələcəyimizin məhvi deməkdir” mövzusunda rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının birgə iştirakı ilə “dəyirmi masa”lar keçirilmişdir.

  Bundan əlavə, Təhsil şöbəsinin rayon Gənclər və idman idarəsi ilə birgə tədbirlər planına müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində “Sağlam həyat tərzi və idman”, “Özünü QİÇS-dən xilas et” devizi altında müxtəlif səpkili tədbirlər həyata keçirilmiş və IX-XI sinif şagirdləri arasında sosioloji sorğu aparılmışdır. Şəhərin bütün ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Sağlam gənclik - sağlam gələcək” devizi altında müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir.

  Hacıqabul Rayon Gənclər və İdman İdarəsində 2015-ci ilin 10 ayı ərzində narkomaniyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər keçirilmişdir. Bu ilin yanvar ayında idarə və təşkilatlarda çalışan gənclərin iştirakı ilə keçirilən “Sağlam gənclik - sağlam gələcək” mövzusunda təlim kursunda 65 nəfər gənc iştirak etmişdir. Təlim kursunda yeniyetmə və gənclərin sağlamlığından, onların pis vərdişlərdən uzaq olmalarının vacibliyindən geniş söz açılmışdır. Fevral ayında rayon Mədəniyyət evində 256 nəfər yeniyetmə və gəncin iştirakı ilə region gənclərinin sağlamlıq forumu keçirilmişdir. May ayında Uşaq və Ailələrə Dəstək Mərkəzində gənc ailələrin “Sağlam ailə sağlam gələcəyin təməlidir” mövzusunda görüşü təşkil olunmuşdur. Oktyabr ayında ümumtəhsil tam orta məktəblərinin şagirdləri arasında “Narkomaniyaya “Yox” deyək” devizi altında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 27 nəfər şagird qatılmışdır.

  Nəhayət, rayon mədəniyyət müəssisələrində gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında onlarda düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə Navahı kənd mədəniyyət evində “Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya”, Atbulaq kənd mədəniyyət evində “Antinarkotizm”, “Narkomaniya nədir”, Rəncbər kənd mədəniyyət evində “Narkomanın aqibəti”, “Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur”, Cəngən kənd mədəniyyət evində “Özünü qoru”, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir”, Meyniman kənd mədəniyyət evində “Gənclər sağlam həyat tərzi seçir”, Qubalı Balaoğlan kənd klubunda “Ağ ölümə “yox” deyək”, “Kabuslara qarşı”, Qarasu kənd klubunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, Padar və Muğan qəsəbə klublarında “Narkomanlığa və QİÇS-sə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”, “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə”, “Gənclər və yeniyetmələr arasında narkomaniyanın törətdiyi fəsadlar” mövzularında məruzə və mühazirələr oxunmuş, söhbətlər, “dəyirmi masa”lar, seminarlar keçirilmişdir.

  2015-ci ilin 11 ayı ərzində rayon Mərkəzi Xəstəxanasında 268 nəfər şəxs (onlardan 2 nəfər qadın, 1 nəfər şəxs yetkinlik yaşına çatmayan olmaqla) narkoman kimi dispanser qeydiyyatına, 71 nəfər şəxs isə (onlardan 4 nəfər qadın olmaqla) profilaktik qeydiyyata götürülmüşdür.

  Narkomaniya ilə mübarizə işlərinə nəzarət rayon rəhbərliyinin də diqqətində olmuşdur. Belə ki, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında sözügedən məsələ dəfələrlə müzakirə olunmuş və bu sahədə işlərin daha da gücləndirilməsi barədə qərarlar qəbul edilmişdir.

S.ASLANOV, 
Hacıqabul Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon
Komissiyasının sədri




Просмотрено: 787