544 kiloqramdan çox narkotik vasitə məhv edilib.

  Narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər və Milli Təhlükəsizlik  nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

  Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib ki, bu gün 236  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 544 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə (273 kiloqram 527,58 qram marixuana, 153 kiloqram 655,976  qram tiryək, 81 kiloqram 350,001 qram heroin, 35 kiloqram 680,29 qram həşiş qətranı, 336,759 qram psixotrop maddələr və 2657 ədəd çətənə bitkisi) aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib. Müsadirə  edilmiş müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 11 milyon manat təşkil edir.

  Qeyd edilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ının icrasını daim diqqət mərkəzində saxlayan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu narkotik vasitələrin qanunsuz döviriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilib.

  Diqqətə çatdırılıb ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2702 fakt aşkar edilib.  Onlardan 777-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop  maddələri və ya prekursorları  əldə  etmə,  saxlama,  daşıma,  göndərmə  və  ya  satma, 1733-ü  satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 180-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 12-i isə digərləri təşkil edib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 984 kiloqram 932,169 qram müxtəlif növ narkotik vasitələr  və  787  ədəd çətənə kolu  müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 666 kiloqram 562,839  qram marixuana, 189 kiloqram 422,962 qram tiryək, 53 kiloqram 436,256 qram heroin, 56 kiloqram 816,37 qram həşiş, 5,2 qram kokain, 18 kiloqram 693,742 qram psixotrop maddələr və digərləri, 1310 ədəd metadon həb,  o cümlədən 787 ədəd  çətənə kolu  təşkil edib.

  Həmçinin, “Xaş-Xaş” şərti adı altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 189 ton  601 kiloqram 236 qram narkotik tərkibli bitki yaşıl kütlə halında yığılaraq  məhv edilib.

  Cinayət məsuliyyətinə cəlb edilən 1892 nəfərdən 47-si xarici ölkə vətəndaşı olub. Onlardan 21-i İran, 19-u Gürcüstan, 3-ü Türkiyə, 2-i Ukrayna, 1-i Rusiya, 1-i  isə Türkmənistan vətəndaşıdır.

 

                                                                                                     İki Sahil




Просмотрено: 832