Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu

  Hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir.

  BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.

  Bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli şəkil almamışdır. Lakin yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə, sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. 
  Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilir.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il iyunun 24-də imzaladığı sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Suraxanı rayonunda müxtəlif tədbirlər həyata keçirilir, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə silsilə tədbirlərin keçirilməsi təşkil edilir.

  Narkotik vasitələrin daşınmasının qarşısını almaq üçün rayonun hüquq mühafizə orqanları davamlı işlər aparır. Rayon İcra Hakimiyyəti problemin ciddiliyini nəzərə alaraq rayonun hüquq mühafizə orqanları, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif layihə, tədbir və aksiyalar həyata keçirir.

  2015-ci ilin 11 ayı ərzində Suraxanı RPİ-nin NMB-nin əməkdaşları və ərazi PB-nin əməkdaşları ilə birlikdə keçirilmiş tədbirlər nəticəsində 79 cinayət faktı aşkar olunmuşdur. Onlardan 38 fakt saxlama və 41 satış, 2 əkin faktı təşkil etmişdir. Cinayətkarlardan müsadirə olunaraq dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi 12 kq. 227.95 qram təşkil etmişdir. Onlardan: marixuana-11 kq 382,1 qram, heroin-842.096 qram, həşiş-0.55 qram, tiryək-3.204 qram təşkil etmişdir.

  Rayon İcra Hakimiyyəti “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın icrası ilə əlaqədar 2015-ci il ərzində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində, Gənclər Evində, Səttar Bəhlulzadə və Qurban Abbasov adına Mədəniyyət saraylarında, rayonun tam orta məktəblərində “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda silsilə maarifləndirici tədbirlər, diskussiyalar, tam orta məktəblərdə açıq dərslər, rəsm və inşa yazı müsabiqələri, çoxsaylı idman yarışlarının keçirilməsini təşkil etmişdir.

  Bu mühüm Dövlət Proqramının icrası ilə əlaqədar 13 mart 2015-ci il tarixdə Suraxanı Gənclər Evində “Narkomaniya bəşəriyyətin bəlasıdır!” devizli maarifləndirici tədbir keçirilmişdir. “Dialoq - gənclərin diskussiya klubu” İctimai Birliyinin və rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə öncə məktəblilərin narkomaniya və onun fəsadlarının təsvir olunduğu rəsmlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

  3 aprel 2015-ci il tarixdə 280 saylı tam orta məktəbdə Suraxanı rayon tam orta məktəbin şagirdləri arasında “Azərbaycan Gəncləri narkotiklər əleyhinə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə 160 şagird iştirak etmişdir. 20 aprel 2015-ci il tarixdə rayonun tam orta məktəblərinin şagirdləri arasında “Azərbaycan Gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. 24-25 aprel 2015-ci il tarixlərdə “Narkomaniya və terrorizm əleyhinə!” “Kikboksinq” idman növü üzrə yeniyetmə və gənclər arasında turnir keçirilmişdir. Turnir iştirakçılarına turnir başlamazdan qabaq “Sağlam həyat-sağlam gələcək deməkdir” mövzusunda geniş məlumat verilmiş, narkotizmin fəsadlarını əks etdirən xususi bukletlər paylanılmışdır. 28 aprel 2015-ci il tarixdə Qurban Abbasov adına Mədəniyyət sarayında “Şəxsiyyətin məhvinə aparan yollar” adı altında 4 may 2015-ci il tarixdə Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında “Narkomaniyaya aparan yol!” devizi altında ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak etmişlər. 15 may 2015-ci il tarixdə 89 saylı məktəbdə “Narkomaniyaya aparan yol!” devizi altında gənclər arasında debat keçirilmişdir.

  “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar 26 iyun 2015-ci il tarixdə Suraxanı Gənclər Evində “Gənclər narkotiklərə yox deyir!” mövzusunda rayon gənclərinin iştirakı ilə dəyirmi masa və tam orta məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir. 
  25 sentyabr 2015-ci il tarixdə Qurban Abbasov adına mədəniyyət sarayında “Narkotiklərlə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda Qaraçuxur, Zığ, Hövsan qəsəbələrində, 26 sentyabr 2015-ci il tarixdə isə Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Əmircan, Bülbülə və Yeni Suraxanı qəsəbələrində yaşayan gənclər və yetkinlik yaşına çatmayanlarla maarifləndirmə tədbiri keçirilmişdir. Sonda tələbələri narahat edən hüquqi, tibbi və s. sualları mütəxəssislər ətraflı cavablandırmışlar. 23-28 noyabr 2015-ci il tarixlərdə narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Suraxanı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun mədəniyyət ocaqlarında “Gələcəyimizi qoruyaq” adlı tədbirlər keçirilmişdir. 28 noyabr 2015-ci il tarixdə “Gənclər narkomaniyaya yox deyir!” devizi altında “Muay-Tay” idman növü üzrə turnir keçirilmişdir. Turnirdə 200 idmançı iştirak etmişdir. Turnir iştirakçılarına yarış başlamazdan qabaq “Narkomaniya və onun fəsadları” mövzusunda geniş məlumat verilmiş, narkotizmin fəsadlarını əks etdirən xüsusi bukletlər paylanılmışdır.

  13 noyabr 2015-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilmişdir. Diskussiya formasında keçən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçı qrupunun üzvləri Şahin İsmayılov, Raqif Allahverdiyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov gəncləri maraqlandıran çoxsaylı suallara aydınlıq gətirdilər.

  1 dekabr 2015-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş “Bizim gücümüz birliyimizdədir” adlı layihə çərçivəsində tədbir keçirilmişdir. Suraxanı rayonu gənclərinin toplaşdığı “Gənclər evi”ndə keçirilən tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Aynur Sofiyeva qeyd etdilər ki, narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun nümayəndəsi Raqif Allahverdiyev, Respublika QİÇS-lə mübarizə mərkəzinin şöbə müdiri Samirə Vəliyeva, Bülbülə Ağsaqqallar Şurasının sədri Mirzəağa Quliyev çıxış etdilər.

  Ötən illərdə olduğu kimi cari ildə də rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya və cəmiyyət” mövzusunda eyni zamanda 318, 141, 275, 282, 281, 76, 101, 87, 97, 114, 279, 232, 327, 315, 316, 317, 154 saylı tam orta məktəblərdə müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil olunmuşdur. Keçirilən bütün tədbirlərdə gənclərin diqqətinə çatdırılmışdır ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.

Barxudar Barxudarov,
Suraxanı Rayon İcra
Hakimiyyəti başçısı
aparatının İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri




Просмотрено: 1182